“ABŞ-ın sonadək obyektiv mövqe tutmasını istəyərdik”
“Çox istəyərdik ki, ABŞ Azərbaycan-Ermənistan münasibətləri məsələsində sonadək obyektiv mövqe tutsun”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatına münasibət bildirərkən qeyd edib ki, rəsmi Vaşinqtonun tərəflərlə işləmək ifadəsinə müsbət baxmaq lazımdır:
“Ancaq ABŞ da bilməlidir ki, ortada vəziyyəti gərginləşdirmək istəyən Ermənistan, Fransa və ermənipərəst qüvvələr var”.
Deputat vurğulayıb ki, bu gün reallıqda “Laçın yolu problemi” yoxdur, “Laçın yolu problemi” yaratmaq cəhdləri var. Onun sözlərinə görə, buna cəhd edən qüvvələrin məqsədi əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonuna nəzarətsiz gediş-gəlişi təmin etməkdir:
“Ermənistan üç il bu vəziyyətdən sui-istifadə etdi, orada hərbi kontingentini möhkəmləndirdi. Eyni zamanda qeyri-qanuni hərbi dəstələri silahlandırdı, Azərbaycana qarşı hərbi təxribatlar törətdi. Azərbaycan isə məcburiyyət qarşısında “Laçın” sərhəd-keçid məntəqəsini qurdu və sərhəd bütövlüyünü təmin etdi. Dünyanın heç bir ölkəsi sərhədlərinin bir hissəsini nəzarətsiz qoymur. Nədənsə bu gün dünyada müəyyən qüvvələr Azərbaycanı belə bir vəziyyət yaratmağa məcbur etmək istəyirlər”.
Aydın Mirzəzadə
A.Mirzəzadə deyib ki, bu gün Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin hər hansı bir humanitar problemi yoxdur. O bildirib ki, Azərbaycanın göndərdiyi ərzaq yükünü Xankəndiyə buraxmaq istəməyən sakinlər heç də ac, gərgin vəziyyətdə görünmürlər:
“Bu baxımdan Azərbaycan öz ərazisində istənilən məsələni həll etmək hüququna malikdir. Azərbaycana heç kim təzyiq göstərə və yaxud da öz milli maraqlarına zidd qərar qəbul etməyə məcbur edə bilməz. Çünki bütün əraziləri üzrə suveren hüquqları var. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə olan vəziyyəti də ancaq Azərbaycan həll etməlidir. Orada yaşayan sakinlər bilməlidirlər ki, Azərbaycan ərazisində yaşayırlar və onun da qanunlarına hörmət etməlidirlər. İstənilən məsələnin ancaq Azərbaycan hökuməti ilə həll edilməli olduğunu başa düşməlidirlər”.
report.az