"9 may qələbəsində Azərbaycan xalqının xidmətləri böyük olub, bu tarixi unutmaq olmaz"
9 May - Faşizm üzərində Qələbə Gününün qeyri-iş günü hesab edilməsi məsələsi yenidən gündəmə gəlib. Bildirilir ki, bu qələbənin müstəqil Azərbaycana aidiyyatı çox azdır. Təklif olunur ki, bu tarix təqvimdə qalsın, lakin qeyri-iş günü olmasın.
Təklifə münasibətini bildirən Milli Məclisin deputatı Aqil Məmmədov isə Pravda.az-a açıqlamasında deyib ki, 9 may qələbəsində Azərbaycan xalqının xidmətləri böyük olub, bu tarixi unutmaq olmaz.
“Vaxtilə Sovet İttifaqının tərkibinə biz də daxil olmuşuq. O zamanlar İkinci Dünya müharibəsi başlayıb. SSRİ-nin tərkibinə daxil olan ölkələrin hamısı müharibəyə qoşuldu, səfərbərlik elan edildi. Bütün xalqların nümayəndələri müharibədə qəhrəmanlıq göstərdilər, torpaqlarını işğaldan qorumaq üçün lazımi addımlar atdılar. O cümlədən Azərbaycanın da qələbənin qazanılmasında özünməxsus töhfələri olub. Bu, danılmazdır. İstər canlı qüvvə, istərsə də yanacaq baxımından Bakı əsas mərkəzlərdən birinə çevrilmişdi. Bununla yanaşı, həm ön, həm də arxa cəbhədə azərbaycanlılar fəallıq göstərmişdilər. Hətta elə diviziyalarımız var ki, Bakıdan düz Almaniyaya qədər bir çox ölkələrin işğaldan azad edilməsinə yardımçı olub. Nə olur-olsun, bu əməyi unutmaq olmaz. Bu, Azərbaycan xalqının o vaxt üzərinə düşən bir görəv idi və xalqımız bunu ləyaqətlə yerinə yetirib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən vətəndaşlarımız olub. Onların əməyini unutmaq olarmı? Hansı rejim olur-olsun, torpaq uğrunda mübarizə gedirdi. Torpaqlarımızın işğalına qarşı səfərbərlik olub. Azərbaycan xalqı da bir nəfər kimi - qadınlı-kişili səfərbərliyə qoşularaq öz töhfələrini verib. Azərbaycan neftinin müharibədə verdiyi töhfə də danılmazdır. Əlbəttə, o zaman dövr başqa idi. İndi isə artıq Azərbaycan müstəqil dövlətdir. Qeyd olunası bayramlarımız həddindən çoxdur, amma düşünürəm, 9 May - Qələbə Gününü də unutmaq olmaz. Bu günü hansı formadasa qeyd etmək, yada salmaq vacibdir. Elə məsələlər var ki, cənab Prezident qərar verir. Əsas məsələ iş günü, yaxud qeyri-iş günü məsələsi deyil. Əsas odur ki, 9 May unudulmasın. Çünki Azərbaycan xalqı İkinci Dünya müharibəsində də fəal iştirak edib, çoxlu sayda şəhidlər, qurbanlar vermişik. Bütün bunlar yadda qalmalıdır. Eyni zamanda 9 May Qələbə Gününü qeyd etməliyik”, - deputat bildirib.