"8 Mart sovet dövründən qalma hesab olunsa da, Azərbaycanda rəsmi bayramdır və ona hörmətlə yanaşmalıyıq"
8 Mart yaxınlaşır. Bu ərəfələrdə, həmişəki kimi, onu bayram kimi qeyd edilməsi, yaxud 8 Martdan imtina edilməsi barədə müzakirələr başlayır. Əleyhdarların dəlillərindən biri də budur ki, bəzi kişilər ilin 364 günü qadınları incidir, ilin bir günü isə xanımına gül alır. "Qadın bu hədiyyəni qəbul etməlidirmi?" - deyə onlar ritorik sual verir.
Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı mövzuya dair deyib:
“Məncə, ilin bütün günləri qadınlar günü kimi qeyd olunmalıdır. 8 Mart bayramı dünyanın bir çox ölkələrində qeyd olunmur, buna baxmayaraq, bu bayram artıq ənənəyə çevrilib və Azərbaycanda da hər il qeyd olunur.
8 Mart sovet dövründən qalma hesab olunsa da, Azərbaycanda rəsmi bayramdır və ona hörmətlə yanaşmalıyıq.
Doğrudur, son dövrlərdə qadın zorakılıqları artıb, bu da şəxsi problemlərlə bağlıdır. Həyat insanları elə bir yerə gətirir ki, onlar vəhşiləşir. Amma bu qadınlara qarşı kobudluğa və zorakılığa səbəb olmamalıdır”.