“70 il SSRİ-nin qoltuğu altında olmuşuq, indi də istəyirlər ki...”
“Ermənistanın keçmiş Baş naziri Qrant Baqramyanın 9 min kv.km ilə bağlı verdiyi açıqlamada söhbət, əgər Zəngəzur dəhlizindən gedirsə, cənab Prezident onsuz da 1 il bundan qabaq demişdi ki, Zəngəzur dəhlizi açılacaq və kimsə buna mane ola bilməz”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Millət vəkili sabiq Baş nazirin Ermənistanın ərazilərini itirəcəyi ilə bağlı səsləndirdiyi fikirləri cəfəngiyat adlandırıb:
“Ermənistan və onun havadarları ciddi cəhdlə çalışırlar ki, bu dəhliz açılmasın. Nəhayət, alternativ variantdan istifadə olundu və İran vasitəsilə bu işlər hazırda həyata keçirildi. İrəvan görür ki, dəhliz bu yaxınlarda istifadəyə verilib işləyəcək və Avropa ilə Asiyanı birləşdirən logistika mərkəzinə çevriləcək, ona görə də ermənilər indi pis vəziyyətdə qalıblar”.
Siyasətçi əmin edib ki, Azərbaycanın heç vaxt başqa dövlətlərin ərazisində gözü olmayıb və Prezident İlham Əliyev dəfələrlə bu barədə öz fikirlərini bildirib:
“Əvvəllər deyirdilər ki, Zəngəzur dəhlizi ilə bağlı guya hansısa müharibə olacaq və s. Lakin ölkə lideri bir daha xatırlatdı ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir müharibədən söhbət gedə bilməz. O, əlavə edib ki, biz oraya avtomobillə gedəcəyik, bölgəyə həm dəmiryolu, həm də avtomobil yolu açılacaq”.
V. Əhmədov diqqətə çatdırıb ki, ermənilər həmişə təxribata əl atıb havadarlarının dediyi ilə çalıb-oynayırlar:
“Ümumiyyətlə, Ermənistanda siyasət yoxdur və onların siyasətini digər dövlətlər aparır. Amma Azərbaycan dövlətinin siyasəti müstəqil olduğu üçün rəsmi Bakı öz fikirlərini açıq-aydın bildirir. Ona görə də sabiq erməni nazirin dedikləri həqiqətə uyğun deyil”.
Müsahibimiz xatırladıb ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Ermənistan-Azərbaycan münasibətləri ilə əlaqədar geniş bir müsahibə verib:
“O müsahibədə italyan siyasətçi ermənilərin iç üzünü açıb göstərib. O müsahibə isə cənab Prezidentin apardığı uğurlu xarici siyasətin bəzi dövlətləri tərəfindən qəbul edilməməsini göstərir.
Biz müstəqil siyasət aparırıq, lakin onlar istəmirlər ki, müstəqil olaq. 70 il SSRİ-nin qoltuğu altında olmuşuq, indi də istəyirlər ki, hansısa ölkənin müstəmləkəsinə çevrilək. Amma bu, artıq mümkün deyil. Ona görə də Ermənistan bu reallıqla barışmaq istəmədiyi üçün bundan təxribat xarakterli istifadə edir”.
Yenisabah.az