İqtisadiyyat 17 Noyabr 2023, 18:24 | Baxış sayı: 109
“2024-cü ildən azad edilmiş ərazilərdə daha aktiv investisiya qoyuluşunun həyata keçiriləcəyi gözlənilir”

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev bildirib ki, azad edilmiş ərazilərdə biznes qurmaq üçün 1550-dən çox müraciət var.

O qeyd edib ki, müraciətlərin 500-ə qədəri xarici investorlara məxsusdur:

“Ümumiyyətlə, müraciətlərin sayı və intensivliyi Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətinə marağın kifayət qədər yüksək olduğunu göstərir", R.Atakişiyev əlavə edib.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında dedi ki, işğaldan azad olunmuş ərazilərdə investisiya qoyuluşu ilə bağlı müraciətlərin sayı artır:

“2024-cü ildən etibarən həmin ərazilərdə daha aktiv investisiya qoyuluşunun həyata keçiriləcəyi gözlənilir. Qarabağ və Şərqi Zəngəzurun kifayət qədər böyük potensialı var. Burada yalnız aqrar və xidmət sektoru deyil, həmçinin sənaye və emal edici sahədə də potensial böyükdür və bu, daha çox sərmayənin cəlb edilməsinə imkan verəcək. Həm kiçik və orta, həm də iri sahibkarlar tərəfindən müraciətlər var, o cümlədən xarici investorların da böyük marağı var. Bütün bunlar nəticə etibarilə həmin ərazilərə daha çox sərmayənin cəlbinə və bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun inkişafına stimul yaradacaq”.

demokrat.az

Xəbərlər