"2022-ci ildə ölkəmizdə demək olar bütün sahələrdə iqtisadi artım qeydə alınıb"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdəki çıxışında bildirib ki, Hesablama Palatası haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, ali audit orqanı olan və kənar dövlət maliyyə nəzarəti həyata keçirən Hesablama Palatası öz fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə illik hesabat təqdim edir. Bu fəaliyyətin istiqamətləri isə müvafiq Qanunun 6-cı maddəsi ilə müəyyən edilib: “Palatanın 2022-ci ildəki fəaliyyəti ilə bağlı hazırladığı hesabat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində geniş təqdimat və müzakirə edilib. Komitə üzvləri hesabatla bağlı öz fikirlərinin, təkliflərini və iradlarını bildiriblər.
Təqdim edilən Hesabat 2022-ci ildə Hesablama Palatasının iş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, büdcə qanunvericiliyinin tələb etdiyi fəaliyyət, həmçinin palatanın hesabat ilində cari fəaliyyəti ilə bağlı digər məlumatları özündə əks etdirir. Hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilmişdir. İlk dəfə olaraq bu hesabatda nəticəəsaslı büdcə modelindən istifadə edilib. Yəni, planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla göstərilib. Hesabatda audit təsirinin ölçülməsi üzrə keçən ildən tətbiq edilən yanaşmanın genişləndirilməsini, fəaliyyətin kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəriciləri, o cümlədən nəzərə alınmış təklif və tövsiyyələr barədə məlumatların verilməsini təqdirə layiq hal hesab edirik”.
Komitə sədri qeyd edib ki, 2022-ci ildə ölkəmizdə demək olar bütün sahələrdə iqtisadi artım qeydə alınıb: “Belə ki, 2022-ci ildə ÜDM 4.6%, qeyri-neft-qaz sektorunda ÜDM 9.1% artıb. ÜDM mütləq ifadədə hesabat ilində 134 mlrd manata çatıb.
Dövlət büdcəsinin gəlirləri 29 mlrd 197.8 mln manat proqnoza qarşı 30 mlrd 679.6 mln manat və ya 1 mlrd 481.8 mln manat artıq icra edilib. Dövlət büdcəsinin xərcləri isə 32 mlrd 063,1 mln man, və ya proqnozun 99.3%-i həcmində icra olunub. 2022-ci ildə dövlət büdcə xərcləri 2021-ci ilə nisbətən 4 mlrd 640,7 mln manat çox icra edilib. Bütün bu rəqəmlər palatanın potensial fəaliyyət dairəsinin 2022-ci ildə daha da artdığını deməyə imkan verir.
Azərbaycan Prezident cənab İlham Əliyev dövlət xərclərinə nəzarətin artırılmasını, maliyyə intizamının, resurslardan istifadənin səmərəliliyin səviyyəsini yüksəldilməsini bütün dövlət oranlarının diqqət mərkəzində olmalı olduğunu əsas vəzifələrdən biri kimi müəyyən edib. Qarşıya qoyulan bu tapşırığa əməl edilməsində mühüm missiya yerinə yetirən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən, Milli Məclsin bu proseslərə effektiv nəzarətinin artmasında mühüm analitik məlumat mənbəyi rolunu oynayan Hesablama Palatasının fəaliyyəti, bu fəaliyyətin güclənməsi və səmərəliyinin artması günün əsas tələblərindədir”.
T. Mirkişili İqtisadi siyasət komitəsinin iclasında aparılmış geniş müzakirələrdən sonra gəlinmiş bir çox qənaəti bölüşmək istədiyini bildirdi: “Qeyd edim ki, Palatanın fəaliyyətindəki güclü və zəif tərəflərin hesabatda əks olunması bu istiqamətdə açıq və səmərəli müzakirələrin aparılmasına şərait yaradıb.
Hesabatın geniş, informativ olmasını, qısa icmalın və təqdimatın hazırlanmasını müsbət qiymətləndiririk. Təqdim edilmiş materiallarda palatanın hesabat ilindəki fəaliyyəti barədə əsasən məlumat almaq mümkündür.
Beynəlxalq Büdcə Əməkdaşlığı tərəfindən tərtib edilən “Açıq Büdcə İndeksi”ndə Palatanın fəaliyyətinin 100 mümkün baldan 89 balla qiymətləndirilməsini təqdirə layiq hal hesab edirik.
Planlaşdırılmış nəzarət tədbirlərinin əsasən icra edilməsi və bu barədə audit nətəclərinin Milli Məclisə təqdim edilməsi və dərc edilməsini yaxşı nəticə hesab edirik. Maliyyə auditinin əhatə dairəsinin 5 mlrd 573.3 mln manata, Səmərəlilik auditinin isə əhatə dairəsinin 1 mlrd 118.9 mln manata yüksəlməsinin müsbət hal olaraq qeyd etməklə yanaşı, uyğunluq auditinin əhatə dairəsinin 2 mlrd 353.8 mln manatadək azalmasını narahat edici hal kimi qeyd edirik. Ümumiyyətlə, müzakirələr göstərir ki, auditlərin sayı və əhatə dairəsinin artdığı istiqamətlərdə bir çox təkmilləşmələrə ehtiyac vardır. Nəzarət tədbirlərinin təqribi orta davam etmə müddətinin 53 gündən 132 günə qədər olması ölkədə büdcədən maliyyələşən dövlət orqanlarında uçot sisteminin sürətlə elektronlaşmasını tələb edir. Məhz elektronlaşma və məlumat bazalarına Hesablama Palatasının çıxışının təmin edilməsi nəzarət tədbirlərini müddətini azalda, əhatə dairəsini isə kəskin olaraq artıra bilər. Qeyd etmək istərdim ki, hesabat ilində yalnız 2 dövlət qurumunun məlumat bazalarına çıxışın reallaşması hesabatda göstərilib ki, bu da bu sahədə xeyli işlərin görülməli olmasına işarədir.
Dövlət büdcəsi gərlilərinn 95%, xərclərinin isə 69.3% nin auditi aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edirik.
Hesabat ilində palata tərəfindən monitorinq fəaliyyətinin kəskin genişləndirilməsini, verilən təkliflərini izlənməsinin artırılmasını təqdirə layiq hal hesab edirik. Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunu üçün Palatanın fəaliyyətində nöqsanların müəyyən edilməsi ilə yanaşı, bu nöqsanların bir daha olmaması üçün fəaliyyətlərinin gücləndirilməsini vacib sayırıq.
Hesabatda 2022-ci ildə qanunvericiliyinin pozulması, tənzimləyən hüquqi aktların
aparılan 28 uyğunluq auditindən 26-da büdcə yenə 26-da dövlət satınalmaları sahəsinin pozulması, 14-də əməyin ödənişi sahəsində qanunvericiliyin pozulması hallarına rast gəlinməsi göstərilib. Ümumilikdə uyğunluq auditi ilə aşkar edilmiş maliyyə pozuntularının həcminin 481.2 mln manata çatması, bunun da 349.9 mln manatının (73%) bərpası üçün əsasların müəyyən edilməsinin mümkün olmaması hesabatda öz əksini tapıb”.
Müzakirələrdən sonra Hesablama Palatasının hesabatı qəbul olunub.
Mənbə: musavat.com