2021-ci ildə orta aylıq əməkhaqqının 742 manat 80 qəpik olacağı gözlənilir.
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a gələn il əməkhaqlarının artımından danışıb.
Deputat bildirib ki, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair sənədinə əsasən, Azərbaycanda 2022-ci ildə orta aylıq əməkhaqqı 794 manat 50 qəpik olacaq. 2021-ci ildə orta aylıq əməkhaqqının isə 742 manat 80 qəpik olacağı gözlənilir. Bu, ondan xəbər verir ki, 2022-ci ildə orta aylıq əməkhaqqı 7 faiz artacaq. Eyni zamanda bu artım tempi növbəti dövrlərdə də davam edəcək. Belə ki, 2023-cü ildə orta aylıq əməkhaqqının 838 manata, 2024-cü ildə orta aylıq əməkhaqqının 883 manata, 2025-ci ildə orta aylıq əməkhaqqının 935 manata çatacağı proqnozlaşdırılır. Mövcud artım tempi davam edərsə, artıq 2026-cı ildə orta aylıq əməkhaqqı 1000 manata çata biləcək.
"Eləcə də əhalinin nominal gəlirlərində artım davam edəcək. Əhalinin gəlirləri 2021-ci ildə 58,8 milyard manatdır. Bu rəqəmin 2022-ci ildə 63,4 milyard manata çatacağı gözlənilir. Əhalinin gəlirləri 2025-ci ildə 77 milyard manatdan çox olacaq. Söhbət ölkə üzrə gəlirlərdən gedir", - deyə o bildirib.
Millət vəkili diqqətə çatdırıb ki, eyni zamanda Maliyyə Nazirliyinin sənədinə görə, əməkhaqlarında artımın olmasına baxmayaraq, növbəti ildən başlayaraq rəsmi inflyasiya dərəcəsinin azalacağı proqnozlaşdırılır. İnflyasiya səviyyəsinin növbəti illərdə aşağı düşəcəyi gözlənilir. Xüsusən 2022-ci ildən etibarən inflyasiya səviyyəsində azalmaların olacağı pronozlaşdırılır. Bu da əməkhaqqı artımlarının reallığının qorunub saxlanılması baxımından vacib hesab olunur. Çünki əməkhaqqı artımları inflyasiya nəzərə alınmadan nominal artımlardır. İnflyasiya nəzərə alınanda isə bu, real artım kimi proqnozlaşdırılır. Əgər 2021-ci ildə inflyasiya səviyyəsi 4,9 faiz olacaqsa, 2022-ci ildə bunun 3,6 faiz, 2023-cü ildə 3,3 faiz, 2024 və 2025-ci illərdə isə 3,2 faiz olacağı proqnozlaşdırılır.
"2022-ci ilin dövlət büdcəsində sosial xərclər 3 milyard 584 milyon manat nəzərdə tutulub. Amma bütövlükdə sosial istiqamətə ayrılan vəsaitlər büdcə xərclərinin təxminən 40 faizinə yaxın olacaq. Birbaşa sosial təminat xərclərini nəzərə almaqla sosial istiqamətə 11 milyard manatdan artıq vəsaitin ayrılacağı gözlənilir", - deyə o bildirib.
V.Bayramov əlavə edib ki, sənəddə qeyd edilən əməkhaqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması, əməkhaqqının hesablanması sisteminin təkmilləşdirilməsini özündə ehtiva edir. Yəni bu, praktiki olaraq əmək məhsuldarlığının yüksək olduğu sektorlarda daha yüksək əməkhaqqının təklif edilməsini və eyni zamanda əməkhaqqının məbləği ilə əmək məhsuldarlığının səviyyəsi arasında əlaqənin gücləndirməsini nəzərdə tutur.