Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992-2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. 2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 756 min nəfərdən çox üzvü var.