"Zamanla ayaqlaşmayan, təhsili bərbad hala qoyan məktəb direktorlarından, direktor müavinlərindən və təhsil şöbə müdirlərindən xilas olmağın vaxtı çoxdan gəlib çatıb".
Distant təhsilin ləğvi haqqında Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı danışıb. O, dərslərin ənənəvi-üzbəüz formada başlamasını düzgün qərar hesab edir:
“Dərs ili ərəfəsində cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni məktəb binalarının açılışını etdilər. İşğaldan azad edilmiş ərazilərimizdə dirçəliş işləri ilə paralel olaraq yeni məktəb binalarının inşası və istifadəyə verilməsi dövlətimizin təhsil siyasətinin göstəricilərindən biridir. Heç kəsə sirr deyil ki, məsafədən təhsil ənənəvi təhsilin keyfiyyətini vermir, uşaqlar məktəbdən, sinif otaqlarından aralı düşürlər, zəruri bilikləri qazana bilmirlər. Dünənki ilk dərs gününün də uğurlu keçdiyi qənaətindəyəm”.
Distant təhsil ləğv edilsə də, pandemiyanın hələ davam etdiyini xatırladan Musa Qasımlı ötən il bütün dünyada olduğu kimi, ölkəmizdə də təhsil sahəsində boşluqlar yarandığını diqqətə çatdırıb:
“Ancaq müvafiq qurumlarımız vəziyyətdən çıxa bildilər. Fikrimcə, geriləməni aradan qaldırmaq üçün məktəb-valideyn əməkdaşlığı daha da gücləndirilməli, ciddi nizam-intizam olmalıdır. Zamanla ayaqlaşmayan, təhsili bərbad hala qoyan məktəb direktorlarından, direktor müavinlərindən və təhsil şöbə müdirlərindən xilas olmağın vaxtı çoxdan gəlib çatıb.
Ənənəvi təhsilə qayıtmaq yoluxma risklərini təbii olaraq artırır. Yenidən çətinliklərin olmaması və qapanmalara gedilməməsi üçün hökumətimizin müəyyənləşdirdiyi qaydalara həm müəllimlər, həm şagirdlər, həm də valideynlər, ümumiyyətlə, hamımız ciddi riayət etməliyik”.