Cəmiyyət 3 Mart 2022, 16:35 | Baxış sayı: 298
"Yeni mutasiya meydana çıxmazsa, mən düşünürəm ki, yaxın bir-iki ayda bütün karantin qaydalarını götürə bilərik".

“Ümumi vəziyyət onu göstərir ki, bütün dünyada koronavirus pandemiyası sönmək üzrədir. Bu çox sevindirici haldır. Düşünürəm ki, artıq normal həyatımıza geri dönmək üzrəyik”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sərt karantin rejiminin yumşaldılmasından danışarkən bildirib.

Komitə sədrinin sözlərinə görə, virusun sonuncu mutasiyası olan “Omicron” sürətlə yayılsa da, az təhlükəli virus oldu:

““Omicron”nun sürətlə yayılmasının bir xeyri də o oldu ki, yoluxan insanların sayı çox olduqca, immunitet qazanan insanların sayı çoxaldı. Eyni zamanda, Azərbaycanda vaksinasiya prosesi böyük sürət və təşkilatçılıqla davam etdi. Bu da koronavirusun təhlükəsini azaldan məsələlərdir”.

“Ancaq biz koronavirusun bundan sonra hansısa mutasiyasının olub-olmayacağını dəqiq bilmirik. Ona görə fikir söyləmək çox çətindir. Yeni mutasiya meydana çıxmazsa, mən düşünürəm ki, yaxın bir-iki ayda bütün karantin qaydalarını götürə bilərik. Normal həyata yavaş-yavaş qayıtmaq olar. Ancaq hələlik fikir söyləməyə çətinlik çəkirəm ki, karantin qaydalarının hansını yumşaldıb, hansını yumşaltmayaq. Hər halda qarşıdakı iki həftədə yoluxma tempindən asılı olaraq, yeni qərarlar veriləcək".

M.Quliyev sərt karantinin yumşaldılması zamanı hansı qadağaların aradan qaldırıla biləcəyindən də danışıb:

“Artıq bəzi ölkələrdə qapalı yerlərdə maska qadağası aradan qaldırılıb. Düşünürəm ki, bizdə də bu məsələyə baxıla bilər. Yəqin ki, toylara daha çox insanın cəlb edilməsi, yəni burada 150 nəfərlik məhdudiyyətin qaldırılması, yasların müəyyən şəkildə keçirilməsinə icazə verilə bilər. Eyni zamanda, digər tədbirlərin də keçirilməsi mümkündür. Üzü yaya doğru havalar istiləşdikcə ola bilsin ki, tədbirlərin də çoxu açıq havada keçirilər”.

Xəbərlər