“Yaxın gələcəkdə bütün məcburi köçkün uşaqları öz yurdlarında məktəbə gedəcəklər”
“Şagirdlər yeni tədris ilinə qədəm qoyur. İnanırıq ki, təhsilalanlar əvvəlki illərdə olduğu kimi, bu tədris ilində də keçirilən fənləri dərindən mənimsəyəcək, öz biliklərini daha da artıracaq, onların hərtərəfli təhsil alması, Vətənimizə layiqli övlad kimi yetişməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edəcəklər. Bu gün ölkəmizdə uşaqların təhsilə marağının artırılması, istedadlı və bacarıqlı uşaqların müəyyənləşdirilməsi, potensiallarının inkişafı, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bir sıra layihələr və dövlət proqramları uğurla icra olunur. Məhz bunun nəticəsidir ki, şagirdlərimizin göstəriciləri ildən-ilə yüksəlir, istər ölkəmizdə təşkil olunan fənn olimpiadalarında, istərsə də beynəlxalq bilik yarışlarında böyük nailiyyətlər qazanırlar”.
Bu fikirləri açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də təhsildir: “Məhz Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər, ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar nəticəsində təlim-tədris işi daha da yaxşılaşdırılıb, təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına nail olunub. Bu gün ölkəmizin hər yerində, o cümlədən işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağda təhsil müəssisələrinin əsaslı şəkildə təmir olunması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi uğurla davam etdirilir, lazımi avadanlıqla təchiz olunur”.
“Uşaqların təlim-tərbiyəsində, onların bilikli, milli vətənpərvərlik ruhunda tərbiyə almasında, cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə yetişməsində əziz müəllimlərimizin xidməti danılmazdır. Onlar mənalı və şərəfli ömürlərini bu yolda xərcləyirlər. Dövlətimiz tərəfindən müəllimlərin fəaliyyəti hər zaman yüksək qiymətləndirilir, əməkhaqlarının artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, təhsil işçilərinin mükafatlandırılması, fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar verilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizin təhsil sisteminin inkişafı, modernləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyası əhəmiyyətli yer tutur. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son illər ərzində ölkəmizdə minlərlə məktəb əsaslı təmir olunub və ya yenidən tikilib”.
AHİK sədri əlavə edib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə də həyat canlanır, ata-baba yurduna qayıdan uşaqlar öz məktəblərində təhsil almağa başlayıblar: “Bu tədris ilində də ilk dəfə öz yurdunda məktəbə gedən şagirdlər var. Bu, bizim hər birimizi fərəhləndirir. İnanırıq ki, yaxın gələcəkdə bütün məcburi köçkün həyatı yaşayan balalarımız öz Vətənlərinə qayıdacaq və orada təhsillərini davam etdirəcəklər”.
demokrat.az