Siyasət 6 Oktyabr 2023, 12:27 | Baxış sayı: 156
“XXI əsrin siyasi lideri Azərbaycan Prezidenti cənab İlham Əliyevdir”

“Bu, birmənalıdır ki, XXI əsrin siyasi lideri Azərbaycan Prezidenti cənab İlham Əliyev, XXI əsrin xalqı Azərbaycan xalqı, XXI əsrin Ordusu Azərbaycan Silahlı Qüvvələridir. Bu 3 qüvvənin birliyi, vəhdəti, həmrəyliyi tarixi qələbələrimizi, zəfərimizi şərtləndirən fundamental, həlledici amillərdir. XXI əsrdə Azərbaycanın ərazi bütövlüyünün tam və qəti şəkildə təmin edilməsi məhz bu qüvvələrin adı ilə bağlıdır. Ancaq nə edək ki, dünya özü ədalətsizdir?! Nə edək ki, beynəlxalq sülhün və təhlükəsizliyin keşiyində dayanmalı olan dövlətlər özləri bunu ilk pozan dövlətlər statusundadırlar. Haqq-ədalətdən danışıb nahaqqı müdafiə mövqeyində dayananlar da kifayət qədərdir. Söhbət BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən gedir. Bir az da açıq desək, ABŞ-də və Fransada Azərbaycanın son tarixi nailiyyətlərini həzm edə bilməyən siyasi dairələr yenidən fəallşıb, Azərbaycanı təhdid edirlər. Bölgəmizdə baş verən son proseslər fonunda bu qənaət daha da güclənir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağda erməni separatizminin, terrorizminin kökünü kəsib: “Erməni terrorizminin məhv edilməsi Azərbaycanın beynəlxalq terrorizmlə mübarizə prosesinə  növbəti çox mühüm töhfəsidir və təkcə lokal, regional deyil, həm də qlobal mənada əhəmiyyət kəsb edir. ABŞ-nin məşhur ermənipərəst, təpədən dırnağa qədər erməni xislətli “Şerman” deyilən deputatı Azərbaycanı təhdid edir. Ölkəsinin hərbi-siyasi rəhbərliyinə çağırış edir ki, Ermənistana müasir silahlar vermək lazımdır, Azərbaycanla revanşist müharibəyə girişsin, Azərbaycan əleyhinə hərbi addımlar atsın. Fransanın müdafiə naziri də vurğulayıb ki, ölkəsi Ermənistanla bağlı prosesləri diqqətlə izləyir, Ermənistana hər cür hərbi yardım göstərilməsi məsələsi nəzərdən keçirilməlidir, bütün bu proses şəxsən Fransa Prezidenti Emmanuel Makronun nəzarəti altındadır. Şerman isə Azərbaycana qarşı hətta sanksiyaların tətbiqi məsələsini gündəmə gətirib və sanksiyaların tezliklə reallaşdırılmasının vacibliyini vurğulayıb. Axı onları narahat edən nədir? Niyə ermənidən çox erməni olmağı bu qədər çox istəyirlər? Səbəb bu imiş ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, halbuki o dövlətlər BMT TŞ-də Azərbaycanın ərazi bütövlüyünün leyhinə səs veriblər. Azərbaycan bu gün öz gücü hesabına Ermənistan Silahlı Qüvvələrini, erməni silahlı birləşmələrini tərk-silah edib, Qarabağdan çıxarıb. Azərbaycan 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasında leyhinə səs verdikləri 4 qətnamə tələb edirdi. Bu qətnamələr havada qalmışdı, icra olunmurdu. Bizə “sağol” deməli, təşəkkür etməlidirlər ki, “biz-TŞ-nin daimi üzvləri yox, Azərbaycan özü qətnamələri icra etdi”. Amma görün, indi nəyin təlaşını keçirirlər. Guya Azərbaycan anti-terror əməliyyatları çərçivəsində Qarabağın “siyasi liderlərini” həbs edir. Əvvəla, bu nə ifadədir? Qarabağ məgər Ermənistanındır ki, onun hələ bir əlavə “siyasi liderləri” də olsun? Qarabağ Azərbaycandır! Azərbaycan isə unitar dövlətdir və bu unitar dövlətin bir Prezidenti var, o da cənab İlham Əliyevdir. Belə halda Qarabağın hansı “siyasi liderləri”ndən söhbət gedə bilər? Siz - amerikalı senatorlar və konqresmenlər, fransalı deputatlar hesab edirsiniz ki, separatçı rejimin keçirdiyi qeyri-qanuni seçkilər legitimdir? Bunu demək istəyirsiniz? Yaxşı, onda eyni məntiqlə Marseldəki ermənilər yığışsınlar, qondarma prezident seçkiləri keçirsinlər, buna dözərsiniz? Yaxud Kaliforniyadakı ermənilər... Kaliforniyada oyuncaq erməni dövləti yaratsınlar. Bununla barışarsınız? Dözərsiniz? Elə bələkdəykən həmin separatizm yuvasını dağıdarsınız, məhv edərsiniz, heç tozu da qalmaz. Bu nə məntiqdir, davranışdır ki, Azərbaycanla münasibətdə sərgiləyirsiniz? Bütün bunlar, amerikanların öz məntiqləri ilə desək, “nonsens”dir. Anti-Azərbaycan addımlarının heç bir mənası olmayacaq. Çünki Azərbaycan güclü dövlətdir, Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür. Səfərbər olmuş cəmiyyət var. Azərbaycanın dünya səviyyəli lideri var. Bu gün Azərbaycan dünyada öz sözünü demiş ən güclü ordularından birinə malikdir. Eyni zamanda Azərbaycan xalqı “Dəmir Yumruq”a çevrilmiş bir xalqdır. Bu birlik tarixi qələbələrimizin kökündə dayanan əsas səbəblərdir. Bizə qarşı təzyiqlər, basqılar olduqca bu birlik onların arzularının əleyhinə daha da güclənir, daha da monolitləşir”.

pravda.az

Xəbərlər