Cəmiyyət 7 Oktyabr 2021, 15:40 | Baxış sayı: 325
“Xırdalığına enmədən onu deyə bilərəm ki…”

Deputat: “Xırdalığına enmədən onu deyə bilərəm ki…”
Milli Məclisin 2021-ci il payız sessiyasında “Hərbi qulluqçuların statusu” haqqında qanuna dəyişiklik ediləcək. 
Bu barədə Parlamentin 30 sentyabrda keçirilən plenar iclasında məlumat verilib. 
Məlumatda qanun layihəsinə ediləcək dəyişikliyin tam olaraq nədən ibarət olacağı isə qeyd olunmayıb. 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü, deputat Elman Məmmədov “Meclis.info” nun məsələyə bağlı sualını qısaca olaraq belə cavablandırıb: 
“Xırdalığına girmədən onu deyə bilərəm ki, qanuna ediləcək dəyişikliklər ordunun, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Tam olaraq hansı maddələrə dəyişikliklər ediləcəyini isə müzakirələr zamanı eşidəcəksiz”. 
Müsavat Partiyasının sədri Arif Hacılı isə söyləyib ki, qanuna ediləcək istənilən dəyişiklik prosesi şəffaf aparılmalı, bunun hansı zərurətdən gəldiyi ictimaiyyətə çatdırılmalıdır. 
“Ümumiyyətlə, Müsavat Partiyası bu qanunda hansı dəyişikliyin edilməsini təklif edərdi?” sualına gəlincə partiya sədri cavab verib ki, əvvəlcədən dəyişikliklər barədə konkret məlumat verilmədiyindən bu suala cavab vermək çox çətindir.
Hüquqşünas Cavad Cavadov isə deyib ki, hər hansı bir qanuna dəyişiklik edilərkən ilk növbədə bunun qəbuledilmə zərurəti elan olunmalı, ictimai müzakirəsi keçirilməlidir:
“Təəssüf ki, Azərbaycanda belə bir təcrübə yoxdur. Bu olmadığı üçün də həmişə narazılıqlar yaranır”. 
Onun sözlərinə görə, Milli Məclis bu barədə düşünməli, öncədən qanuna ediləcək dəyişikliklə bağlı izahedici sənəd yayımlamalıdırlar:
“O zaman bu dəyişikliklərin hansı zərurətdən yarandığı bizə də məlum olar. Belə hallarda biz hüquqşünaslar ancaq münəccimlik edə bilirik”.


Şəbnəm Adil

Meclis.info

Xəbərlər