“Xırdalanda müəyyən işbazlar tərəfindən plana uyğun olmayan, şəhərsalma qaydalarını pozan inşaat işlərinə imkan verilir...”
“Bu gün Azərbaycanın iri şəhərlərində çox böyük tikinti, abadlıq işləri görülür, hündürmərtəbəli binalar tikilir. Əlbəttə, bu, iqtisadi inkişafımızla, ölkədə vətəndaşların rifahının yüksəldilməsi ilə bağlıdır. Təbii ki, sevindirici haldır. Bu tikintilər şəhərsalma prinsiplərinə uyğun həyata keçirilməli, istər şəhərin, istərsə də regionların mədəni mənzərəsi gözoxşayan, ürəkaçan olmalıdır. Təəssüflə qeyd etmək istərdim ki, son illər müəyyən laqeydlik halları baş verib. Nəinki Bakıda, eləcə də digər şəhərlərdə bir çox binalar, obyektlər plana uyğun şəkildə tikilməyib. Xırdalanda da belə hallar var. Müəyyən işbazlar tərəfindən plana uyğun olmayan, şəhərsalma qaydalarını pozan inşaat işlərinə imkan verilir...”
Bu sözləri müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Xırdalanla bağlı şikayətlərdən danışarkən deyib.
Deputatın sözlərinə görə, Xırdalanla bağlı tədbirlər görülür, son illər qanunsuzluqların qarşısı xeyli alınıb: “Bu məsələdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Şəhərimizin gözəl, abad, yaraşıqlı olmasını istəyiriksə, onda qanunlara əməl edilməlidir. Hər kəs yaşadığı ərazinin gözəlliyi, mədəni səviyyəsi ilə maraqlanmalı, qaydalara əməl olunmalıdır. Xırdalan sürətlə inkişaf edir. Son illər xeyli gözəlləşib, mədəni simasını dəyişib. Xırdalanda insanların yaşayışı üçün yaradılan şərait deməyə əsas verir ki, bu şəhər ən müasir şəhərlərdən elə də fərqlənmir. Lakin Xırdalanda binaların, obyektlərin tikintisində yol verilmiş nöqsanlar gediş-gəlişə maneələr yaradır, tıxaclar baş verir. Bütün bunlar insanların haqlı narazılığına səbəb olur. Ölkə rəhbərinin tapşırıqları ilə əlaqədar son illər iri şəhərlərdə qanunsuz tikintilərin aradan qaldırılması, müəyyən maneələr yaradan tikililərin sökülməsi, yerlərinin dəyişdirilməsi istiqamətində çox böyük işlər görülür. Cənab Prezident daim öz çıxışlarında tapşırır ki, mütləq şəhərsalma prinsiplərinə əməl olunmalı, bu sahədə nöqsana yol verənlər cəzalandırılmalıdır. Ancaq cəzalar hər şeyi həll etmir. Tikililərin sökülməsi də çətindir, çünki bəzən onları iş adamları tikirlər. Bəziləri fərdi evlər tikir. Elə qanunauyğun formada tikilməlidir ki, həm gələcəkdə şəhərdə nəqliyyatın, insanların gediş-gəlişlərinə maneə törətməsin, həm də şəhərin ümumi mənzərəsinə ziyan vurulmasın”.
pravda.az