Siyasət 15 Mart 2023, 15:00 | Baxış sayı: 97
"Xaricdən bizə yad düşüncə və həyat tərzi idxal edilir"

"Böyük şairimiz Bəxtiyar Vahabzadənin gözəl sözləri var: "Qorxuram, insanlar yaşaya, insanlıq ölə". İnsanlıq öləndə bu cəmiyyətin faciəsi başlayır. İnsanlıq o zaman ölür ki, milli-mənəvi dəyərlər itirilir, əxlaq dəyişir, baxışlar eroziyaya uğrayır. Xaricdən bizə yad, yabanı düşüncə tərzi, həyat tərzi idxal edilir. Belə olan vəziyyətdə kosmopolit bir cəmiyyət formalaşa bilir və bunun hansı fəsadlara gətirəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Məsələyə bu cür yanaşdıqda, heç şübhəsiz ki, insanlar ilk növbədə öz milli-mənəvi dəyərlərini qorumalıdır, bəşəri dəyərlərə də hörmətlə yanaşmalıdır və öz gündəlik fəaliyyətlərində, davranışlarında bunu sübuta yetirməlidirlər. Bunu  ilk növbədə öz əxlaq və tərbiyələri ilə təsdiqləməlidirlər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. 

Deputat təəssüf hissilə qeyd edib ki, hər şey beləcə düz xətlə getmir:

"Ziqzaqvari bir proses var. Təəssüf ki, bəzi insanlar adi məişət çərçivəsində belə özünü adekvat apara bilmirlər. Nalayiq bir davranış ortaya qoyurlar. Danışıqlarında təhqir, söyüş geniş yer alır. Xüsusilə də, biz sosial şəbəkələrin müəyyən seqmentində bunu daha çox görürük və həm də bir arxayınçılıq sindromu da var ki, "söyərəm, təhqir edərəm, nalayiq davranış ortaya qoyaram. Eyni zamanda, cəzalanmaram". 

Ən təhlükəlisi də məhz bununla bağlıdır. Bilirsiz, bu nəyə oxşayır? Bir misal çəkim. Görürsən ki, avtobus dayanacağında insanlar bir yerə yığışıb, nəqliyyat vasitəsini gözləyirlər və bu zaman bir nəfər kənara çəkilir, kənara çəkilib siqaret çəkir və nümayişkaranə şəkildə hamının gözü qarşısında gedib o, zibil qutusunu tapır və o siqareti atır. İlk baxışdan diqqətəlayiq addımdır, o, siqaretin kötüyünü küçəyə də ata bilərdi. Amma o, zibil qabını axtarır və məhz ora atır. Bu, müsbət hadisədir. Amma hələ bu, o demək deyil ki, həmin insan mədəni insandır. Mədəni insan o insandır ki, əgər avtobus dayanacağında heç kim yoxdursa, o siqaret kötüyünü atmaq istəyərkən artıq zibil qabını axtarır. Yəni, nümayişkaranə şəkildə başqalarının özünü göstərmək üçün yox, bir özüdür və heç kim yoxdur yanında, bu addımı atır, zibil qabına atır və ona mədəni insan demək olar".

Deputat deyib ki, insanların yanında əsnəyərkən, əli ilə ağzını örtürlər və bu da bir əxlaq nümunəsidir: 

"Ancaq əsl mədəni insan odur ki, evdə təkdir. Heç kim yanında yoxdur, əsnəyərkən yenə eyni addımı atır, yenə də əli ilə ağzını örtür və o, bir bir tərbiyə nümunəsi göstərir. Bütövlükdə hesab edirəm ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşı, bizim insanlarımız, tərbiyəli, əxlaqlı, mənəviyyatlı insanlardır, xüsusilə gənclərimizə bunu xitaban söyləyirəm. Bəzən yaşlı insanlar gənclərdən narazı qalırdılar. Amma hesab edirəm ki, Vətən müharibəsində gənclərimiz elə bil qəhrəmanlıq ortaya qoydular ki, məlum oldu ki, onlar kifayət qədər vətənpərvərdir. Onlar dövlətinə, millətinə, xalqına bağlı insanlardır və vətən yolunda canını fəda etmək qüdrətinə malik şəxsiyyətlərdir. Amma təəssüf ki, bununla yanaşı neqativ hallar da var. Bu günləri bizim gənclərimiz arasında narkomaniya meyillilik çox qorxulu təhlükədir. Əyyaşlıq çox qorxulu təhlükədir. Elmdən, təhsildən uzaq qalmaq istəyən gənclərin gələcəyi yoxdur və ona görə də hesab edirəm ki, bu prosesdə qarşı mübarizəni gücləndirmək üçün maarifləndirmə işlərinə böyük ehtiyacı var. Maarifləndirmə ailədən başlamalıdır. Məktəbdə bu proses daha da genişlənməlidir və cəmiyyətin də bu məsələyə reaksiyası olmalıdır. Biri özünü nalayiq aparırsa, artıq cəmiyyət özü reaksiya verməlidir. Biri ictimai yerdə insanları təhqir edirsə, söyürsə, bu, ictimai qınaq obyektinə çevrilməlidir. 

Bu, bir prosesdir və bu prosesdə hər bir tərəfin üzərinə  məsuliyyət düşür. Həm ailənin, həm məktəbin, həm də bütövlükdə cəmiyyətin birgə sinxron hərəkətlərlə biz bu neqativ halların qarşısını ala bilərik. Təbii ki, hüquq-mühafizə orqanları həmişə öz işini görür. Amma təkcə cəza mexanizmi ilə neqativ proseslərə qalib gəlmək mümkün deyil. Gərək burada ictimai rəy, ictimai qınaq və təbliğat, təşviqat və maarifləndirmə işləri də kompleks şəkildə aparılmalıdır".

Xəbərlər