Siyasət 24 Oktyabr 2023, 15:11 | Baxış sayı: 194
"Xankəndiyə ilk növbədə orada qeydiyyatda olan azərbaycanlılar köçməlidir."

Milli Məclisin deputatı Tahir Rzayev Xankəndidəki xeyli sayda boş evlərdə Xankəndi sakini olan azərbaycanlılarla yanaşı, könlü istəyən hər bir vətəndaşımızın yaşamasına şərait yaradılması təklifinə münasibət bildirib. 


Deputat açıqlamasında deyib ki, Xankəndiyə ilk növbədə orada qeydiyyatda olan azərbaycanlılar köçməlidir. 


“O insanlar ki vaxtilə Xankəndidən zorla çıxarılıblar. Çünki Xankəndidəki mülk onlarındır və həmin vətəndaşlarımızın Xankəndidə yerləşmək hüquqları var. Bu, tamamilə qanunauyğundur və heç bir etiaz ola, yaxud başqa don geyindirilə bilməz. Digər tərəfdən, hazırda ermənilərin də Xankəndidə öz mülkiyyətləri var. Bu mülklərə toxunmaq hüquqa ziddir. Tez beynəlxalq təşkilatlar qarşısında hay-küy qaldıracaqlar ki, “Xankəndidəki mülklərimizi azərbaycanlılar dağıtdılar, talan etdilər”. Bu da müəyyən problemlər yarada bilər. Ona görə də məsələ hüquqi qaydada tənzimlənməlidir. Cənab Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında təklif edib ki, Azərbaycanın qanunlarını qəbul edən ermənilər bizim vətəndaşlarımızdırlar, qeydiyyatdadırlarsa, Azərbaycanda yaşaya bilərlər, onların təhlükəsizliyi təmin olunacaq. Xankəndiyə geri qayıtmaq istəyən ermənilər varsa, mütləq onlara vaxt verilməlidir ki, qayıdıb gəlsinlər, Azərbaycan vətəndaşı kimi məskunlaşsınlar, yaşasınlar. Bu, mümkün olmasa, müvafiq orqanlar qarşısında məsələ qaldırılmalıdır ki, ermənilər artıq Xankəndidə yaşamaq istəmirlər. Müəyyən edilmiş müddətə qədər geri qayıtmasalar, onların mülkləri istənilən adamlara satıla bilər. Ya da satılması öz razılıqları ilə olsun. Çünki artıq elektron formatda alqı-satqı aparılır. Hər bir erməni əlaqə saxlaya bilər. Xankəndidə yaşamırlarsa, evləri, həyətləri, maşınları və s. başqa insanlara elektron qaydada satılsın. Bundan sonra digər rayonlardan olan azərbaycanlılar Xankəndidə yaşamaq istəyirlərsə, onların da buna hüquqları var ki, Xankəndidən mülk alsınlar, yaşayışlarını təmin etsinlər. Bütün bunlar hüquqi əsaslarla həyata keçirilməlidir. Bu məsələdə həssas olmaq lazımdır. Ermənilər könüllü şəkildə çıxıb gediblər və görürsünüz ki, beynəlxalq təşkilatlar hansı məsələləri qaldırırlar. Guya ermənilərə qarşı “genosid”olub, “etnik təmizləmə” aparılıb, “zorla Xankəndidən çıxarılıblar”, “təqib olunublar”, “yolda incidiliblər...” O qədər bəhanələr gətirirlər, buna görə də həssas davranmalıyıq”, - deputat bildirib.

Xəbərlər