“Xankəndi-Laçın yolunda keçirilən aksiya bizim tələblərimizin yerinə yetirilməsi ilə sonlanacaq”
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür ki, davam edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır.
Bununla bağlı danışan deputat İqbal Məmmədov bildirib ki, qarlı havaya baxmayaraq Xankəndi-Laçın yolunda keçirilən aksiya 11 gündür ki, davam edir:
“Qarlı və şaxtalı hava belə insanlarımızın iradəsini qıra bilmədi.11 gündür davam edən aksiya Azərbaycan xalqının mərdliyini və sınmaz iradəsini bir daha bütün dünyaya göstərdi. Xalqımızın 44 günlük Vətən müharibəsindəki həmrəyliyi bizə möhtəşəm zəfəri yaşatdı. Bu gün insanlarımız yenidən bir olaraq Qarabağdakı ekoloji terrora və oradakı təbii sərvətlərimizin ermənilər tərəfindən talan olunmasına dur deyirlər. Təəssüf ki, bu gün Rusiya sülhməramlıları onlara olan inam və güvəni itiriblər. Rusiya sülhməramlıları nəyinki üzərlərindəki öhdəliyi yerinə yetirmədilər, hətta erməni terrorçuların Qarabağdakı özbaşınalıqlarına göz yumaraq, onların müxtəlif təxribatları üçün şərait yaratdılar. Təəssüf ki, bu gün də Qarabağda erməni silahlı terrorçuları qalmaqdadır. Rusiya sülhməramlıların bu iki il ərzində erməni terrorçularını torpaqlarımzdan çıxarmaması haqlı olaraq onlara olan inamı itirib. İki il ərzində Qarabağdan çıxarılmalı olan erməni silahlı birləşmələri niyə hələdə oradadırlar? Onlar necə silahlandırılır? Bax, bu iki sualla bir çoxlarımız hələ də cavab tapa bilməyib. Görünür, Rusiya sülhməramlıların erməni terrorçularla əlbir olması və ordakı təbii sərvətlərimizin onlar tərəfindən də talan edilməsi fikirləri həqiqətdir”.
Deputat qeyd edib ki, Qarabağda ermənilərin və Rusiya sülhməramlıların yol verdiyi qanun pozuntularının qarşısının alınması üçün dövlət qurumlarımızın oradakı fəaliyyəti vacibdir:
“Əminəm ki, 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfəri bir daha yaşayacağıq. Xankəndi-Laçın yolunda keçirilən aksiya bizim tələblərimizin yerinə yetirilməsi ilə sonlanacaq”.