“Xalqın hökumətə etimadı yüksək deyil”
"2022-ci ilin hesabatını qəbul edərkən ölkə prezidentinin dəfələrlə bəyan etdiyi 21-ci əsrin tələblərilə çalışan yeni elita quruculuğu və şəffaf idarəçilik əsas meyar olmalıdır. Keçmişdə baş verən məmur cinayətləri, nazirlərin həbsi, büdcəyə, beləliklə, dövlətə və rəhbərə xəyanətlərin aradan qaldırılmasının yeganə yolu tələbənin təhsil aldığı universitetin, şagirdin oxuduğu məktəbin, uşağın dil açdığı bağçanın büdcəsi, rayonun təhsil, səhiyyə, sosial müdafiə xərcləri, ölkə boyu həyata keçirilən infrastruktur layihələrinin dəyəri haqda hər gün insanımıza məlumat verməkdir. Bu hökumətin vəzifəsidir".
Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında Baş nazir Əli Əsədovun illik hesabatı zamanı bildirib.
O, qeyd edib ki, media və vətəndaşlarda aşkarlığa laqeyidliyin səbəbləri var.
"Məsələn, bir fakt - polis və hərbi qurumlarda çalışanların maaşlarının qapalı saxlanması əlbəttə əsaslıdır, çünki məxfi sahələrdə çalışanlar var, lakin 2008-18-ci illərdə dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği ictimaiyyət üçün açıq olsa da, son 4 ildə onu qapamışıq. Nə səbəbə, məlum deyil. Belədə alternativ tədqiqatlar hansı məlumat bazası ilə aparılacaq? Şəffaflıq olmayan yerdə pis rəqabət, korrupsiya və ən nəhayət, vətəndaşların idarəçilikdən uzaqlaşması baş verəcək.
Bəli, ötən ilin ən parlaq hadisəsi 19 iyulda həyata keçirilən ümumilikdə 100 ailənin doğma torpaqlarına qayıdışı oldu. Lakin təəssüflər olsun ki, 2022-ci ildə inflyasiyanın 13.9 faiz təşkil etməsi son 14 ildə ölkəmizdə qeydə alınan ən yüksək göstəricidir və ötən il qiymət artımları ən yuxarı həddə çatdı. Sərhədlərin bağlı qalması və idxaldan asılılığımız, qida inflyasiyasının rəsmi 20 faizə çatması, əhalinin xərclərinin 56 faizini qida məhsullarının təşkil etməsi, hökumətin yalnız tarifləri mexaniki artırmaqla effektli siyasət yürütdüyünü deməyə imkan vermir. Ölkədə sabitliyin və təhlükəsizliyin qarantı prezidentdir, hökumətin xalq içərisində etimadı yüksək deyil" - deyə komitə sədri bildirib.
Zahid Oruc bildirib ki, rəsmi məlumatlara görə, respubilka üzrə əhalinin istehlak etdiyi elektrik enerjisinin 52%-i, təbii qazın 47%-i ölkə ərazisinin cəmi 4,8%-də istehlak olunur:
"Yəni, ötən il Bakı, Sumqayıt və Abşeronun ev təsərrüfatlarının istehlak etdiyi enerji həcmi yerdə qalan 63 rayonun istehlakına bərabər olub və deməli, ölkədaxili miqrasiya ötən il də güclənib. Nəticədə regionların paytaxtdan asılığına son qoymaq üçün on illərlə xərclənən 51 milyard manatlıq investisiya havada qalıb. Ona görə də Ekologiya Nazirliyinin məlumatı yuxarıdakı qorxulu statiskanın nəticəsidir. Belə ki, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Ümumi ərazisi 214 min hektar olan paytaxtın gündən-günə artan əhali, əmək və nəqliyyat sıxlığı onun ərazisinin heç 0.5%-i yaşıllıq və ekoloji təmiz sahədən ibarət deyil. Xatırladaq ki, bu göstərici Berlində 15 faiz, Londonda 33 faiz, Norveçdə isə 68 faiz təşkil edir. Obrazlı desək, prezident ölkədə yaşıl enerji siyasəti yürüdür, bizsə bütün yaşıllıqları enerjiyə və yanacağa, nəticədə külə və nəhəng tikinti meydançasına çevirib, Sinqapurdakı kimi hamımız toplaşmışıq bir şəhərə. Ona görə də Böyük Qayıdış təkcə azad torpaqlara deyil, Gədəbəydən Naxçıvana qədər bütün coğrafiyamızı əhatə etməlidir".
Deputatın sözlərinə görə, ötən il Naxçıvan mövzusu rəhbərliyinin dəyişdirilməsi ilə gündəm oldu və bölgənin iqtisadi potensialından səmərəsiz istifadəsi çox vurğulandı, çünki büdcəsində yerli gəlirlərin payı çox azdır.
"Məlumat üçün, 2021-ci ildə MR-nın 506,5 mln. manatlıq xərclərinin yalnız 25 faizi yerli, 75 faizə qədəri mərkəzi büdcədən olmuşdusa, 2023-cü ildə bu rəqəm 635,3 mln. manat təşkil edib ki, onun da 449,8 mln. manatı mərkəz hesabınadır. Lakin bölgələrin vergi potensialından şəffaf və səmərəli istifadə olunmasının müqayisəsi göstərir ki, ölkədə ümumi məhsul buraxılışının strukturunda bölgə iqtisadiyyatının cəmisi 5-10%-i sənaye istehsalıdır. Gəncə və Naxçıvanın ərazisi eynidir, əhalisi isə rəsmi qeydiyyatda olanlara istinad etsək, Gəncədə Naxçıvandan 150 min çox, yəni 600 min nəfər göstərilir. Lakin Gəncə-Daşkəsən iqtisadi rayonunun yerli xərcləri iki il əvvəl 64,7 mln. manat, Naxçıvan üzrə 506.5 mln. manat müəyyən olunub. Beləliklə, dotasiyasız bölgə yoxdur və sovetlərdən sonra maliyyə-inzibati əks-mərkəzləşmə getmədiyindən dövlət büdcəsindən yüksək asılılıq davam edir. Sabah Xankəndində konstitusion idarəçilik bərqarar olandan sonra ermənilər də Bakıdan, yalnız dövlət büdcəsindən pay almağı tələb edəcəklər" - o, deyib.
Komitə sədri qeyd edib ki, 2022-ci ildə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi tikinti və turizm olub:
"Halbuki məşğulluqda 10% paya malik olan tikinti və turizmin iqtisadi artıma töhfəsi məşğulluqda 60%-a yaxın payı olan kənd təsərrüfatı, emal sənayesi və ticarət sektorlarından az qala 2 dəfə çox olub. Bu rəqəmlər iqtisadiyatımızdakı dərin struktur və coğrafi dəyişiklikləri tələb edən ən mühüm göstəricilərdir.
Adi bir təbbi sahədə, dövlətin maliyyələşdirdiyi xroniki böyrək çatışmazlığı ilə bağlı son 5 ildə dövlət büdcəsindən xərclənən vəsaitlərə dair Hesablama Palatası auditinin nəticələri özü yaxşı diqnostik nəticə ola bilər. Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına ümumilikdə 1,122 milyon manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd sutəmizləmə qurğusu verilsə də, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb. Koordinasiyasızlıq nəticəsində 2019-2021-ci illərdə hemodializ şöbələrinə verilmiş 49 ədəd hemodializ aparatı istifadəyə verilməyib, nəticədə növbəlilik, klinik protokolda nəzərdə tutulandan daha az pasientin qəbulu baş verib".
Zahid Orucun sözlərinə görə, rəqəmsal texnologiyaların idarəçiliyin ayrılmaz hissəsinə çevrilməsi, müxtəlif kommunikasiya vasitələri ilə işləməyə, xüsusilə qaynar xətlərlə vətəndaş müraicətlərinə imkan verir.
"Dövlət orqanlarına daxil olan şikayətlər reallığı görməyə imkan verir - məktub, elektron müraciət, yaxud birbaşa görüşlərin effektivliyini, nazirlik və ya hər bir nazirin gerçək işini qiymətləndirməyə imkan verir. Necə olur ki, daxili İşlər nazirinin qəbulu açıq ictimai platformalarda göstərilir, lakin əhaliyə xidmət nazirlikləri keçmişdə olan növbətçi qəbullarını davam etdirirlər. Məmur və vətəndaşlar arasında canlı ünsiyyəti heç nə əvəz edə bilməz" - deyə millət vəkili vurğulayıb.