Siyasət 10 Mart 2023, 13:22 | Baxış sayı: 127
"X Qlobal Bakı Forumunun mühüm məqsədləri var"

“Azərbaycan 2013-cü ildən etibarən qlobal səviyyəli Bakı Forumunun fəaliyyətini təşkil edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilməsi artıq ənənəvi hal alan bu forumda hər il dünyaca çox önəmli şəxslər iştirak edir. Dünən X Qlobal Bakı Forumu başlayıb. Təbii ki, bu dəfə də forumun çox mühüm məqsədləri var”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi olduqca yüksəkdir: “Hər il olduğu kimi, bu il də Forumda daha çox dünya üzrə çox yüksək nüfuza və sözə sahib olan mötəbər simalar, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edir. Bu tədbirlərin önəmi bundan ibarətdir ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən, daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar mövzular müzakirə olunur. “Çağırışlar və ümidlər” mövzusuna həsr olunmuş Forum bütün ümumbəşəri dəyərlər və məqsədlər üçün birlikdə səy göstərməyi irəli sürür. Artıq həqiqətən çox vacib qlobal problemlər bütün bəşəriyyəti təhlükə qarşısında qoyub. Bu gün ciddi iqlim dəyişikliyinin nəticəsi olaraq su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Bu qlobal problemlərin həlli yolları tapılmalıdır. Lakin bunu hər bir ölkə tək başına özü üçün deyil, bütün bəşəriyyət birləşərək həll edilməlidir. Təbii ki, forumun proqramına müharibələrin də müzakirəsi daxildir. Prezident İlham Əliyev də Forumun açılışındakı çıxışında xüsusilə müharibələrlə bağlı danışdı. Əgər beynəlxalq bir konfransda müzakirə mövzusu müharibələrdirsə, biz də öz təcrübəmizi və dünya ictimaiyyətini daima yanlış yönəltməyə çalışan Ermənistan hakimiyyətinin əsl üzünü paylaşmalıyıq. Doğrudur, bu gün dünyada olduqca vacib qlobal problemlər yaranıb. Bunun da başlıca səbəbi elə beynəlxalq təşkilatların qarşısını ala bilmədiyi müharibələrdir. Təbii hadisələrlə yanaşı, müharibələr də dünyada qıtlığa və ciddi iqtisadi itkilərə gətirib çıxardır. Dövlət başçısının da qeyd etdiyi kimi, sülh və dinc dünya üçün mübarizə aparmalıyıq. Azərbaycan bütün beynəlxalq forum və tədbirlərdə bu sahədə təklif və proqramlarla çıxış edib”

Xəbərlər