Cəmiyyət 12 Sentyabr 2022, 12:59 | Baxış sayı: 160
"Əvəz Zeynallı və Elçin Sadıqovun həbsinə üzüldüm".

“Vətəndaşların günahsız həbs olunmasına nəinki qarşıyam, hətta bu tip cəhdləri pisləyirəm. Vətəndaşın isə günahkar, yaxud günahsız olmasını məhkəmə müəyyən edir. Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində də belə olacaq. Çünki artıq onlar haqqında həbs-qətimkan tədbiri seçilib. Belə bir durumda bir az səbr etməyimiz lazım gələcək. Öncədən onların günahsız olması ilə bağlı fikir bildirmək məhkəməyə təzyiq kimi qiymətləndirilə bilər. Belə hallar başıma gəlib, təcrübəmdən deyirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

“Doğrusunu deyim ki, hər iki şəxsin həbs olunması xəbərini oxuyanda üzüldüm. Buna qədər baş verən hadisələrdən isə xəbərdar deyildim. Çünki mən Əvəz Zeynallının kanalının izləyicisi deyiləm, bu günə qədər bir dəfə də olsun o kanalda olmamışam. İndi hadisələri yaxından izləyirəm. İstəyim hüquq-mühafizə orqanlarının bu işə diqqət və ədalətlə yanaşmasıdır. Hər halda, həbs olunan hər iki şəxs ictimai-siyasi həyatda tanınan şəxslərdir. Ümid edək ki, istintaq tədbirləri tez yekunlaşacaq və əsl həqiqətlər üzə çıxacaq. Hər iki şəxsə tezliklə azadlıqlarına qovuşmasını arzulayıram”, - deputat bildirib.

Xəbərlər