Plenar iclaslar 17 Fevral 2023, 15:36 | Baxış sayı: 139
“Vətəndaşımız Sorosun muzdlularına yox, milli maraqlarımıza istinad etməlidir”

Deputat Bəhruz Məhərrəmov Milli Məclisdəki çıxışında bildirdi ki, Türkiyədə baş verən zəlzələ hamımızı dərindən sarsıtdı. Deputat qeyd etdi ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında oldu və öz dəstəyimizi, həmrəyliyimizi əməli formada nümayiş etdirdi: “Cənab İlham Əliyevin Türkiyə səfirliyinə başsağlığı ziyarəti zamanı dediyi kimi, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Bu gün də şəxsən cənab Preizdentin və Mehriban xanım Əliyevanın rəhbərliyi və şəxsi nəzarəti altında dövlət strukturları, xüsusən, Heydər Əliyev Fondu, o cümlədən xalqımızın hər bir fərdi imkanı daxilində qardaş Türkiyənin acısını əməli olaraq bölüşür, əhəmiyyətli yardımlarını davam edir”.

B.Məhərrəmov dedi ki, Türkiyədə zəlzələ siyasi proseslərin ən qızğın çağında baş verdi və Qərb informasiya maşını da bu fəlakətə ciddi fürsət kimi baxmağa başlayıb: “Türkiyənin mövcud iqtidarına qarşı ciddi kampaniya aparılmaqdadır və xüsusən sosial mediada vəziyyət xoşagəlməz hal alıb. Əlbəttə, Türkiyədə partiyalararası rəqabət, siyasi mübarizə, seçkilər, bu qardaş dövlətin özünün daxili işidir, mövcud siyasi iqtidarı hakimiyyətdə saxlayıb saxlamamaq yalnız və yalnız Türkiyə xalqın suveren hüququr. Amma təəccüblüdür ki, Azərbaycanda bəzi siyasi qüvvələr və bəzi vətəndaşlar özünü Türkiyədə siyasi prosesin tərkib hissəsi, hərəkətverici qüvvəsi kimi aparmağa, sanki Türkiyədə siyasi proseslərdə iştirak hüququ varmış kimi davranmağa başlayıb. Bəli, Türkiyə bizim qardaşımızdır, orada baş verənləri həssaslıqla izləyirik, Türkiyənin gücünü qoruması və daha da güclənməsi bizim arzumuzdur. Amma Türkiyədə hansı iqtidar necə fəaliyyət göstəriri bunun qiymətini Türk xalqı verə bilər. Azərbaycan vətəndaşı üçün istənilən Türkiyə iqtidarı yalnız Azərbaycana münasibəti ilə dəyərləndirilməlidir. Rəcəb Ərdoğan ən çətin dönəmlərdə bizimlə olub, Vətən müharibəsində siyasi-diplomatik mübarizədə cənab İlham Əliyevlə çiyin-çiyinə savaşıb. Bir dönəmlər əhalinin təxliyəsi üçün prezident Əbülfəz Elçibəyə iki helikopter verməyən Türkiyə iqtidarlarından fərqli olaraq, Ərdoğan hakimiyyəti varlığı ilə yanımızdadır. Məsələn, terror dövləti İranın Arazboyu təlimlərinə cavab olaraq Türkiyə çəkinmədən bizimlə həmin ərazilərdə böyük bir təlim keçirdi. Bu mənada Azərbaycan vətəndaşı danışanda Qərb informasiya maşınının ifrazına, yaxud Azərbaycan daxilində Sorosun muzdlularına yox, milli maraqlarımıza istinad etməlidir”.

Deputat dedi ki, Qərbin təlqin etdiyi heç bir dəyər, heç bir göstərici bizim üçün milli maraqlarımızdan üstün deyil, ola da bilməz: “Bu maraqlar üçün bu xalq qan töküb, can verib. Ona görə də vətəndaşlarımızı belə məsələlərdə həssas olmağa çağırıram”.

Xəbərlər