Cəmiyyət 17 Oktyabr 2022, 12:42 | Baxış sayı: 149
"Vətəndaşların yodları kütləvi şəkildə alıb evdə toplamaları çox absurd və mənasızdır"

“Son günlər apteklərdə yod tapılmaması ilə bağlı xəbərləri saytlardan oxuyuram. Özüm bilavasitə bununla rastlaşmamışam, apteklərdən də soruşamamışam. Vətəndaşların lazım oldu-olmadı apteklərdən yodları kütləvi şəkildə alıb evdə toplamaları çox absurd və mənasızdır. Bəziləri iddia edirlər ki, Rusiyanın Ukraynaya nüvə silahı atacağı xəbərindən sonra Azərbaycandakı apteklərdən yod yoxa çıxıb. Yod məhlulunun zərərli radioaktiv şüaların qarşısını aldığı fikri də çox yanlışdır. Kimlərsə belə fikirləri yaymaqla insanlar arasında panikanın yaranmasına səbəb olurlar”.

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

“Dünyada hansısa nüvə silahından istifadə olunsa belə, yod məhlulu heç kimin köməyinə gələ bilməz. Yodun nəyəsə kömək olacağını düşünmürəm. Apteklərdə yod çatışmazlığının başqa izahı var. Bilirsiniz ki, yod Azərbaycana Ukrayna və Rusiyadan idxalı edilir. Müharibə ilə əlaqədar, ola bilsin ki, ölkəmizə yod məhlulunun gətirilməsində hansısa ləngimələr yaranıb. Rəsmi məlumatlara görə, yod sonuncu dəfə aprel ayında ölkəyə idxal edilib. Yaxın günlərdə yenidən gətiriləcəyi gözlənilir”, - deputat bildirib.

Xəbərlər