Siyasət 15 Dekabr 2022, 13:57 | Baxış sayı: 130
“Volkov maddi marağını güdür, yağlı tikədən bəhrələnmək istəyir…”

“Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov həqiqət qarşısında acizdir. Çox gözəl başa düşür ki, Azərbaycan tərəfinin tələbləri tam qanunidir. Heç bir halda ermənilərin haqqı yoxdur ki, təbii sərvətlərimizi əvvəlki qaydada daşısınlar. Volkov özünün maddi marağını güdür. Tarixən Rusiya generalları müxtəlif müharibələrdən şəxsi varlanmaları üçün istifadə ediblər. Lazım gələndə silah satıblar, müxtəlif operativ məlumatları bölüşüblər. Yəni istənilən gərginlikdə rusiyalılar öz şəxsi maraqlarını güdürlər. Artıq bir çox məlumatlar var ki, Volkov Vardanyan kimi cinayətkarla əlbir olub, maraqlıdır ki, bundan bəhrələnsin. Yağlı tikəni əldən buraxmaq istəmirlər…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, Volkov Qarabağda və Qarabağdan kənarda yaşayan ermənilər vasitəsilə Azərbaycana beynəlxalq təzyiqləri artırmağa çalışır: “Onun əsas məqsədi budur. Digərlərinin əli ilə problemi həll etmək istəyir. Volkov və sülhməramlılar unudurlar ki, Azərbaycanın suveren ərazisində yerləşirlər. Onların borcudur ki, təkcə Qarabağda yaşayan ermənilərin maraqlarını güdməli deyil, eyni zamanda Azərbaycan xalqının da maraqlarına cavab verməlidirlər. Sülhməramlıların əsas vəzifəsi neytrallıq nümayiş etdirməkdir. Hər hansı qərəzli yanaşma əks effekt verəcək, gərginliyi daha da artıracaq”.

 

N.Məhəməliyev vurğulayıb ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın davam etməsini yüksək qiymətləndirir: “Nə qədər ki, nəticə əldə olunmayıb, aksiyalar davam etməlidir. Bu aksiyalar dinc xarakter daşıyır, Azərbaycan cəmiyyətinin haqlı tələblərinə əsaslanır. Təəssüf ki, Volkov vəzifə səlahiyyətlərini icra etməkdən yayınır. Dekabrın əvvəlində vəd vermişdi ki, qızıl, mis-molibden yataqlarında monitorinq keçirilməsi üçün şərait yaradılacaq. Volkov bu vədini yerinə yetirmədi. Bu səbəbdən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri dinc aksiya keçirməyə qərar verdilər. Yaxşı olardı ki, Volkov aksiyaçılarla görüş keçirsin, onları dinləsin, suallarını cavablandırsın, məsələ də bitsin. Burada hər hansı əlavə gərginliyin yaradılmasında nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı maraqlı deyil. Lakin heç bir halda məsələni görməzdən gələ bilmərik. 30 il işğal dövründə ermənilər qanunsuz şəkildə təbii sərvətlərimizi Ermənistana daşıyıblar. Ancaq indi reallıq tam başqadır, biz buna göz yuma bilmərik. Qəti şəkildə sona qədər getməliyik. Volkov başda olmaqla rus sülhməramlıları düşünürlər ki, insanlar Şuşa-Xankəndi yolunda aksiya keçirməkdən bezəcəklər, məsələ avtomatik həllini tapacaq. Yanılırlar. Biz buna getməməliyik, axıra çatdırmalı, aksiyanı davam etdirməli, ekologiyamıza qanunsuz vurulmuş ziyanın qarşısını almalıyıq. Başqa yolu yoxdur…”

Xəbərlər