Cəmiyyət 13 Dekabr 2021, 16:34 | Baxış sayı: 183
"Vaxtilə “intellektual şəhər”in qurulması, nəqliyyat məsələlərinin həlli və s. üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmışdı. Həmin vəsait xərclənsə də, ağıllı sistem yaradılmadı".

“Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyəti dövründə həddən çox səhv edib. Bu qurum bir sıra problemlərin, o cümlədən tıxacın qarşını almaq istəsə də, ala bilməyib. Məsələni adətən fiskal formada həll etməyə çalışan BNA vətəndaşların qəzəbinə tuş gəlir. Ona görə də bu gün sosial şəbəkələrdə rastlaşdığımız tənqidlərin 70 faizi həmin qurumla birbaşa əlaqəlidir. Vaxtilə “intellektual şəhər”in qurulması, nəqliyyat məsələlərinin həlli və s. üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmışdı. Həmin vəsait xərclənsə də, ağıllı sistem yaradılmadı. Sual yaranır ki, niyə? Təkcə mən yox, elə onlarla deputat hesab edir ki, qurum bir çox funksiyanı boynuna götürsə də, onları həyata keçirə bilmir”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Rüfət Quliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti barədə danışarkən deyib.

Parlament üzvü qeyd edib ki, BNA üzərinə götürdüyü funksiyaların öhdəsindən gələ bilmir, gücü çatmır və yaxud da bacarmır: “Sentyabrın 15-də dərslər başlayanda bütün məktəblərin qarşısında piyada zolaqları olmalıdı idi, amma məsələ həll olunmamışdı. Həmçinin avtomobillərin dayanması üçün xususi zolaqların təşkili işini də sona qədər çatdıra bilməyiblər. Şəhərdə müəyyən problemlər yaradıblar. Ümumiyyətlə BNA-dan həddən çox narazılıqlar var. Mən bu barədə əvvəl də danışmışdım, lakin əfsuslar olsun ki, qurum rəhbəri tənqid və təklifləri qəbul etmək istəmir. O hesab edir ki, mediada özünü tərifləməklə haqq qazanmış olacaq, ancaq xalqın gözü tərəzidir. Dövlət Yol Polisi İdarəsinin 90-95 faiz funksiyasını öz üzərinə götürüb, lakin işləri bacarmamaq böyük problemdir. Onu da qeyd etmək lazımdır ki, BNA-nın maliyyə üzrə də kifayət qədər problemləri var”.

R.Quliyev, həmçinin bildirib ki, məsələnin həlli ilə professionallar məşğul olmalıdır: “Düşünürəm ki, Dövlət Yol Polisi İdarəsində işçilərin savadı, səriştəsi və qurumun ümumi imkanı BNA-dan daha çoxdur. BNA-nın hətta hansısa elementar problemi həll etməsi də aylarla çəkir. Yəni, bu qurum problemlərlə heç maraqlanmır. Hansısa problem ucbatından 3-5 nəfər həlak olandan və ya şikəst qalandan sonra qurum məsələyə diqqət yetirir. Necə deyərlər, yaxşıya yaxşı, pisə pis deyərlər”.

Xəbərlər