daxili siyasət 22 Dekabr 2022, 12:53 | Baxış sayı: 131
"Vasif Talıbovu əvəz edəcək şəxs Vasif Talıbov olmayacaq, çünki o, dərk edir ki, zaman və reallıqlar dəyişib"

“Dünyada nə qədər insan var, o qədər də fikir, mövqe olacaq. Təsadüfi deyil ki, azərbaycanlıların da bir məsəli var: gələn gedənə rəhmət oxutdurur. Sosial şəbəkələrdə də bu fikirdən çox istifadə olunur. Hətta kimlərsə Vasif Talıbova haqq qazandırmaq istəyir, deyirlər ki, Talıbov getdi, yerinə gələn daha pis ola bilər. Belə müzakirələrin mənası, əhəmiyyəti yoxdur. İstənilən halda, onun yerinə gələn şəxs fərqindədir ki, Vasif Talıbovun törətdiyi əməlləri təkrarlasa, eyni aqibət onu da gözləyəcək. Yəni doğrudanmı bunu anlamaq, dərk etmək, nəticə, dərs çıxartmaq bu qədər çətindir? Xeyr, Vasif Talıbovu əvəz edəcək şəxs Vasif Talıbov olmayacaq, çünki o, dərk edir ki, zaman və reallıqlar dəyişib. İndi yeni tələblər, Azərbaycanın yeni hədəfləri var…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın qarşısında yeni, çox mühüm hədəf və məqsədlər seçib, onun reallaşması istiqamətində böyük işlər görür: “Belə olan vəziyyətdə, təbii ki, eyni istiqamətdə işlər Naxçıvanda da getməli, rüşvətə, korrupsiyaya son qoyulmalıdır. Bu, cənab Prezidentin bir nömrəli tələbidir. Vasif Talıbovun yerinə gələcək şəxsin ilk vəzifəsi naxçıvanlıların etimadını qazanmaqdır. Naxçıvanlıların Vasif Talıbova olan etimadı tam tükənmişdi. Yeni gələn şəxsin üzərinə böyük məsuliyyət düşəcək ki, həmin etimadı bərpa etsin. O isə bunu yalnız və yalnız öz xeyirxah əməlləri ilə həyata keçirə, rüşvətə, korrupsiyaya qarşı amansız mübarizəsi ilə hörmət, izzət qazana bilər. Başqa yol görmürəm. Vasif Talıbovu konkret olaraq kimin əvəz edə biləcəyi barədə nəsə deyə, heç bir kadrın adını çəkə bilmərəm. Bu, mənim yox, ölkənin ali siyasi rəhbərliyi səviyyəsində olan məsələdir. Amma tam əminəm ki, yeni kadr yeni reallıqları nəzərə alıb, naxçıvanlıların hörmətini qazanıb, Naxçıvanda əhalinin sosial rifahını yüksəltmək yolunda addımlar atacaq, rüşvət və korrupsiya ilə mübarizə aparacaq şəxs olacaq".

Xəbərlər