Siyasət 2 Oktyabr 2023, 15:26 | Baxış sayı: 255
"Vardanyan, Mnatsakanyan və digər “yan”larla bağlı məhkəmə açıq şəkildə məhz Xocalıda keçirilsin"

“1990-cı illərin əvvəllərində və daha sonra Azərbaycan xalqına qarşı çoxsaylı ağır cinayətlər törətmiş erməni terrorçularının, separatçıların liderlərinin, hərbi cinayətkarların tutulub Bakı şəhərinə gətirilməsi İlahi ədalətin bərpası kimi qeyd olunmalıdır. Hesab edirəm ki, Azərbaycan hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığı nəticəsində cinayətkarların həbs olunması xalqımızda ruh yüksəkliyi yaradır. O dövrdə törətdikləri cinayətlər barədə maddi sübutların toplanması, video, audio yazıların saxlanılması, konkret əməllərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun barələrində cinayət işinin qaldırılması Azərbaycan hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığının sübutudur. Hüquq-mühafizə orqanlarımıza xüsusi təşəkkür edirəm ki, uzun illər keçməsinə baxmayraq bu canilər, nəhayət, Azərbaycan qanunvericiliyi qarşısında cavab verəcəklər. Heç bir cinayət cəzasız qalmır. Həyat bumeranqdır. Xalqımıza qarşı birbaşa soyqırımı cinayətləri törədən, ən alçaldıcı anti-insani, anti-bəşəri metodlardan istifadə edərək əsir düşən əsgərlərimizi, zabitlərimizi təhqir edən, onları alçaldan bu cinayətkarlar, axır ki, İlahi ədalət qarşısında cavab verməli olacaqlar”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, İkinci Dünya müharibəsinin nəticələri örnək götürülməlidir: “Faşist cinayətkarları və onların liderləri Nyunberq məhkəməsində cavab vermişdilər. O dövrdə Nyunberqdə keçirilmiş beynəlxalq məhkəmə faşist cinayətkarlarını lazımi cəzalarına çatdırdı. XX əsrin sonlarında xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinə ən dəhşətlisi Xocalı soyqırımıdır. Çox yaxşı olardı ki, Vardanyan, Mnatsakanyan və digər “yan”larla bağlı məhkəmə açıq şəkildə məhz Xocalı şəhərində keçirilərdi. Məhkəməyə beynəlxalq ictimaiyyətin də nümayəndələri dəvət olunardı. Belə halda həm Xocalı şəhidlərinin, həm də Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu şad olar”.

pravda.az

Xəbərlər