“Üzv toplaya bilməyən partiya ömrünün payızını yaşayan qüvvə deməkdir”
Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Deputat Razi Nurullayev bildirdi ki, qanun layihəsini ilk gündən dəstəkləyib: “Bütün iclaslarda, dinləmələrdə, komitə iclaslarında çıxış etmiş, dövlətçilik mövqeyindən yanaşaraq müsbət münasibətimi bildirmişəm. Çünki, bu qanunun ölkəmizdə siyasi proselərin inkişafına təkan verəcəyinə və demokratik proseslərin daha da dərinləşməsinə zəmin yaradacağına inanıram. Həm də bu qanun real siyasi partiyaların daha çox görünməsinə imkan yaradır. Sözçülüklə məşğul olanlar isə qoy partiya quruculuğu və yeni üzvlərin cəlbi barədə düşünsünlər. Üzv toplaya bilməyən partiya yarpaqları tökülmüş, ömrünün payızını yaşayan qüvvə deməkdir”.
Deputat dedi ki, bəzi təzadlı və sual doğuran məqamlar var: “Biz bu qanundan sonra 47 qanun layihəsinə açıq hökumətin təşviqinə dair dəyişiklikləri müzakirə edəcəyik və nəzərdə tutulur ki, elektron informasiya resurslarından əldə edilən məlumatları aidiyyatı dövlət qurumu o dövlət qurumundan alır”.
R.Nurullayev dedi ki, bu qanunun tələbini həm də siyasi partiyaların reyestr məsələsində nəzərə almaq lazımdır: “Qanunun 6.4 maddəsində deyilir ki, siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə yanvar ayının 15-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat təqdim edir. Qanunun 7.2.2 maddəsində dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir. Bu maddələrdə olan təzadları aradan qaldırmaq lazımdır. Əgər siiyasi partiya ildə bir dəfə reyestrə dəyişikliyi təqdim edirsə, müvafiq icra qurumu ildə iki dəfə hansı məlumatları yoxlayacaq? Bir də hörmətli Kamilə xanımın siyasi partiya üzvünün “tam fəaliyyət qabiliyyətli” olması barədə verdiyi sual məntiqlidir və yəqin ki, cavab olacaq”.