Cəmiyyət 9 Avqust 2022, 15:03 | Baxış sayı: 233
"Uşaqlarımıza, gənclərimizə Aşuranın əsl mahiyyətini düzgün çatdırmalıyıq".

“Xalqımız əsrlərdən bəri hər zaman Məhəmməd Peyğəmbərin sevimli nəvəsi olan İmam Hüseynin qətlə yetirilidiyi günü, yəni Aşura gününü yad edib. Ateizmin təbliğatçısı olan sovetlər dövründə belə xalqımız gizli də olsa, bu günü qeyd edirdi. Aşura dini mərasim olmaqla yanaşı, müqəddəs amal uğrunda ən uca zirvə sayılan şəhidliyə ucalmanın təntənəsidir. İmam Hüseyn də müqəddəs dinimiz islamı məhv olmaqdan qorudu və bu müqəddəs yolda şəhid oldu. Ona görə də bugünkü uşaqlarımıza, gənclərimizə Aşuranın əsl mahiyyətini düzgün çatdırmalıyıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

“Uşaqlarımız, gənclərimiz bilməlidirlər ki, müqəddəs amal, Vətən, torpaq uğrunda mərdlik, şücaət göstərmək, lazım olanda şəhidlik zirvəsini qazanmaq lazımdır. Necə ki, Vətən Müharibəsində igid oğullarımız torpaq uğrunda gözlərini qırpmadan canlarını fəda etdilər. Uşaqlarımız dünyəvi elmlərlə yanaşı, mənsub olduqları islam dininin tarixini də bilməlidirlər. Lakin baş vermiş hadisələri düzgün şəkildə onlara çatdırmaq bizim borcumuzdur”.

Xəbərlər