"Uşaqlara qarşı qəddar davranış yolverilməzdir"
"Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovun ölüm xəbəri bizi olduqca sarsıtdı". Olaylar xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib:" Mətbuatda yayılan video görüntülərdə məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlara qəddarlıqla davranması əks olunub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və məşqçi Mehman Xəlilov hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Əminik ki, "Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ" nu kobudcasına pozan və azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək. Uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən həmin şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır".