“Uşağın ana bətnində məhv edilməsi istər hüquqi, istərsə də dini cəhətdən arzuolunmazdır".
“Uşağın ana bətnində məhv edilməsi istər hüquqi, istərsə də dini cəhətdən arzuolunmazdır. Bunu xüsusilə də selektiv abortlar haqqında demək olar. Bir vaxtlar Azərbaycanda oğlan uşağının doğulması arzusu ilə yaşayan ailədə qadın qız uşağına hamilə olurdusa, qarşısı alınırdı. Bu, əməlin qarşısı artıq qanunvericiliklə alınıb. Yəni selektiv abortların aparılması, hətta cinsiyyətin əvvəlcədən deyilməsi qanunvericilikdə tənzimlənir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputat qeyd edib ki, ana bətnində uşaqda hər hansı patoloji, genetik xəstəlik aşkar olunarsa, yaxud da qadının hamilələyi onun həyatını risk altına atarsa, bu halda uşağın dünyaya gəlməsinin qarşısı alına bilər, yəni abortun həyata keçirilməsi mümkündür: “Bunlar qanunun aborta icazə veridiyi istisna hallardır. Əks hallarda isə abortların olması arzuolunmazdır. ABŞ-da bununla bağlı qəbul olunan yeni qərara gəldikdə isə qeyd etmək lazımdır ki, hər dövlətin qanunları öz qanunvericilik aktları ilə tənzimlənir və məhkəmə də onu uyğun olaraq qərarlar çıxarır. Bu, hər bir dövlətin daxili məsələsidir və qarışa bilmərik”.