İqtisadiyyat 13 Sentyabr 2021, 14:24 | Baxış sayı: 267
"Ümumi ticarət dövriyyəsinin 13.5 faizi Türkiyənin payına düşür".

Bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 337 milyon dollar olub. Dövriyyənin 11 milyard 39 milyon dollarını ixrac, 6 milyard 297 milyon dollarını isə idxal təşkil edib. Nəticədə həmin dövrdə 4 milyard 741 milyon dollarlıq müsbət saldo yaranıb.

Bu barədə Modern.az-a deputat Vüqar Bayramov danışıb:

“Qardaş Türkiyə Azərbaycan xarici ticarət dövriyyəsində İtaliyadan sonra ikinci yerdədir. Sözügedən Avropa ölkəsinə əsasən enerji məhsulları ixrac etdiyimizi nəzərə alsaq, o zaman Türkiyənin mövqeyinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək olar. Ümumi ticarət dövriyyəsinin 13.5 faizi Türkiyənin payına düşür. Bu isə ilin yalnız ilk 7 ayında iki qardaş ölkə arasında ticarət dövriyyəsinin 2 milyard 340 milyon dollar olması anlamına gəlir. Qeyd edək ki, qardaş ölkələr qarşılıqlı ticarət dövriyyəsini növbəti 3 ildə illik 15 milyard dollara çatdırmağı hədəfləyirlər”.

Parlamentarinin sözlərinə görə, bu ilin ilk 7 ayında idxal məhsullarının strukturundakı dəyişikliklər də diqqəti cəlb edir:

“Aydındır ki, idxal ölkədən valyuta aparır, ixrac valyuta gətirir. Təbii ki, hər bir ölkənin bəlli həcmdə idxalı var. Bununla yanaşı, sözügedən dövrdə minik avtomobillərinin, o cümlədən digər texnoloji sənaye məhsullarının idxalının artması anlaşılan olsa kartof, tərəvəz, çay idxalındakı artımların xüsusi təhlil olunması məqsədəuyğundur. Belə ki, bu ilin ilk 7 ayında təzə tərəvəz idxalı 43,3 faiz, kartof idxalı 14,1 faiz, çay idxalı 3,9 faiz artıb. Ərzaq təminatı və ərzaq təhlükəsizliyi baxımdan kənd təsərrüfatı məhsullarının idxalının minimumlaşdırılması olduqca vacibdir”.

Xəbərlər