Siyasət 16 Mart 2023, 12:19 | Baxış sayı: 83
“Ümid edirəm ki, Almaniya biznes mühiti Azərbaycanda axtardıqları investisiya mühitini tapacaq”

Cənab Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatdı. Düşünürəm ki, səfər gözləntilərdən də uğurlu alındı. Bunun üçün həm İlham Əliyevin, həm də Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransına nəzər salmaq  kifayət edər. Orada çox açıq suallara qarşı faktlar təqdim olundu. Bir daha Almaniyanın həm Qarabağla bağlı, həm də regiondakı iqtisadi əlaqələrlə bağlı mövqeyi bəlli oldu. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır.  Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan Almaniya  Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Rəsmi Berlin Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, Azərbaycan Almaniya ilə Avropa İttifaqının tərkibində əməkdaşlıq edib: “Bu görüşdə isə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi xüsusi vurğulandı. Cənab Olaf Şoltsun da qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan münasibətlərinə Almaniyanın rəsmi mövqeyi ölkə başçısı İlham Əliyevin mövqeyi ilə üst-üstə düşür. Yəni Almaniya da bir çox ölkə kimi Azərbaycanı dəstəkləyir. Təbii ki bu dəstək haqlı olmağımızdan irəli gəlir. Müzakirə olunan bütün məsələlər qlobal səviyyədə olduqca zəruri məsələlərdir. Hazırda Azərbaycan bərpaolunan enerji sahəsində çox yüksək tərəfdaşlıqlar qazanır. Düşünürəm ki, Almaniya da bu tərəfdaşlar sırasındadır. Həmçinin, cənab Prezidentin iş adamlarıyla da səmərəli görüşü keçib. Ümid edirəm ki, Almaniya biznes mühiti Azərbaycanda axtardıqları investisiya mühitini tapacaq. Bu məqsədlə ölkə başçısı iş adamlarını ölkəmizə səfərə dəvət edib”.

Xəbərlər