Plenar iclaslar 12 Aprel 2022, 13:01 | Baxış sayı: 270
"Ukraynadakı səfirliyimiz nə iş gördü, heç kim bilmədi".

“Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqə saxlayıram və onların sənəd məsələsində nə qədər problem yaşadığını bilirəm”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. S. Rüstəmxanlı bildirib ki, onların şəxsiyyət vəsiqəsinin, pasportunun vaxtı bitir və ölkəyə qayıdıb sənədləri qaydaya salmaq məcburiyyəti yaranır: “Amma bu, belə olmamalıdır. Onlar xaricdə sənədlərini rahat dəyişməlidirlər. Biz soydaşlarımıza rahat şərait yaratmalıyıq. Azərbaycan qanunlarında xaricdə yaşayan vətəndaşlara güzəşt nəzərdə tutulsa da, bir nəfər bu güzəştdən faydalanmır. Xaricdə yaşayan azərbaycanlılar da ödənişli təhsil alır. Mən təklif edirəm ki, Dünya Azərbaycanlıları Universiteti yaradılsın”.

Deputat qeyd edib ki, “ASAN xidmət” modelini səyyar formada xarici ölkələrdə təşkil etsək, yaxşı olar: “Amma bu problemi biz həll edə bilmirik. Digər tərəfdən, sərhəddə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız çox çətinliklərlə üzləşir. Ukraynada səfirliyimiz işləmədi, sadəcə, Xarkovda fəxri konsulumuz işlədi. Amma səfirlik nə iş gördü, heç kim bilmədi. ”.

Xəbərlər