İqtisadiyyat 13 Fevral 2023, 15:41 | Baxış sayı: 298
"Uğurlu sosial islahatlar pensiyaların orta aylıq məbləğində artımı şərtləndirir"

“Vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır və ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl addımlar atılır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov bildirib.

Aqil Məmmədov deyib ki, 2023-cü ilin əvvəlindən reallaşdırılan yeni, son beş ildə dördüncü sosial islahat paketi də xüsusilə indiki vaxtda - dünyanın böhran və inflyasiyanın yeni dalğasına məruz qaldığı bir vaxtda Azərbaycan dövlətinin sosial dövlət olaraq daim öz vətəndaşının yanında olaraq ona dəstək olduğunu bir daha təsdiq edir: “Son beş ildə icra olunan 4 sosial islahat paketindən əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edib. Həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat ayrılıb. Bu ilki yeni - dördüncü sosial islahat paketi isə 1,9 milyon insana yönələn sosial ödənişlərin artırılmasını təmin edir və bu islahat paketi üçün də əlavə olaraq illik 750 milyon manat nəzərdə tutulub”.

Deputat qeyd edib ki, Azərbaycanda aparılan hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsidir. Son beş ildə ölkəmizdə ardıcıl və geniş miqyas alan sosial islahatlar nəticəsində bu istiqamətdə - 1,1 milyon vətəndaşı əhatə edən pensiya təminatı sahəsində də ciddi irəliləyişlərə nail olunub: “İcra olunan sosial islahatların hər birində minimum pensiya artımı təmin edilib və növbəti artım olaraq yeni sosial islahat paketi çərçivəsində də dövlət başçısının təsdiq etdiyi yeni qanunla 2023-cü ilin 1 fevralından 240 manatdan 280 manata çatdırılıb. Hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyir. Beləliklə, son 5 ildə aparılan sosial islahatlar nəticəsində minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub. Eyni zamanda 2022-ci ilin əvvəlindən pensiyaçılara maddi yardımlar verilməsi təmin olunub. Ümumi əsaslarla pensiya təyin olunmuş şəxslərə 2022-ci il üzrə rüblər üzrə bölünüb verilməklə 200 manat, pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə və b. isə 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilib. 2023-cü ilin əvvəlindən həmin maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilməklə pensiyaları artırılıb. Bu artım edildikdən sonra isə Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb və yanvar ayının artımının fevral ayının pensiyası ilə birgə verilməsi nəzərdə tutulub. Göründüyü kimi, həm pensiyaların sığorta hissəsinin, həm qulluq stajına görə pensiyasına əlavələr təyin edilmiş pensiyaçılara münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğin, həm də 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indekləşdirmə əsasında artımı təmin olunub. 2023-cü ildən pensiya artımında vahid indeksasiya metoduna keçilməsi bütün pensiyaçılara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edib. Yəni bu ildən qulluq stajına görə əlavə alan pensiyaçıların (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) pensiyalarının da hər ilin əvvəlində indeksləşdirilərək artırılmasına başlanıb ki, bu da nəticədə həmin şəxslərin pensiyalarında da hər il olmaqla davamlı artımı təmin edir. Nəticədə 2023-cü ilin əvvəlindən həm ümumi əsaslarla pensiya alanlar, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar daxil olmaqla ümumilikdə 1,1 milyon pensiyaçının pensiyası indeksləşdirilərək artırılıb. Bu artım üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faizi) üstələyir. Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 13,9 faiz indeksləşdirilməklə artırılır ki, bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da mütəmadi artmaqda olduğunu göstərir. Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və bu artımın tətbiq edilməsi üçün vətəndaşların hər hansı müraciətinə, sənəd təqdim etməsinə, ehtiyac qalmır”.

Aqil Məmmədov nəzərə çatdırıb ki, 2023-cü ildə də əməkhaqqı islahatları orta aylıq əməkhaqqı göstəricisində önəmli artıma imkan yaradacaq ki, bu da gələn ilin əvvəlində pensiyaların növbəti dəfə daha yüksək faizlə indeksləşdirilərək artırılmasına imkan verəcək: “Pensiya sahəsində aparılan uğurlu sosial islahatlar pensiyaların orta aylıq məbləğində də artımı şərtləndirir. Yeni sosial islahat paketi üzrə 2023-cü ilin əvvəlindən yeni artımdan sonra pensiyaların orta aylıq məbləği növbəti dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 456 manata çatıb. Bu da orta aylıq pensiyada 2022-ci ilə nisbətən 14 faiz, beş il əvvələ, 2018-ci ilin əvvəlinə (208 manat) nisbətən isə 2 dəfə artım baş verdiyini göstərir. Beləliklə, Azərbaycan bu gün həm minimum, həm də orta aylıq pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından MDB ölkələri üzrə sıralamada ilk yerdə qərarlaşıb. Minimum, həm də orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir. Pensiya islahatları pensiya üzrə ödənişlərə ayrılan vəsaitin də ildən-ilə ciddi şəkildə artmasına imkan verib. Son bir ildə bu ödənişlərdə 1 milyard manatadək, son beş ildə isə 2,4 milyard manat artım özünü göstərib ki, bu da pensiyaçıların rifahına göstərilən dövlət dəstəyinin daha bir ifadəsidir. Digər tərəfdən, pensiya sistemində humanist yanaşmalar tətbiq olunur. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik 25 il sığorta stajı (pensiya hüququ qazanmaq üçün minimum staj tələbi 25 ildir) hədiyyə edilərək pensiyası hüququ verilir. 2022-ci ilin dekabr ayında dövlət başçısının təsdiq etdiyi qanun həmin 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin daha 3 il uzadılmasını nəzərdə tutur. 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı azaldılaraq pensiya yaşı ilə eyniləşdirilib. Dövlət başçısının 2022-ci ilin iyun ayında təsdiq etdiyi qanunla “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib”.

Deputat bu sahədə proaktiv xidmətlərə də diqqət çəkib: “Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi, bu əsasda əhaliyə çevik və şəffaf xidmətlərin göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının uğuru icrası üçün son beş ildə ardıcıl olaraq elektronlaşma proqramı həyata keçirilir və qısa müddətdə mühüm nəticələr əldə edilib. 2019-cu ilin əvvəlindən pensiyaların, sonralar müavinət və təqaüdlərin elektron sistem üzərindən proaktiv təyinat mexanizmlərinin tətbiqinə başlanıb. 2023-cü ilin 1 yanvarına olan məlumata əsasən 71 min pensiya, 429 mini müavinət, təqaüd təyinatı olan 500 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Bir sözlə, Azərbaycanda sosial islahatlar çərçivəsində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir. Bu istiqamətdə mütəmadi addımlar atılıb və bundan sonra da atılacaq”.

Xəbərlər