Siyasət 12 Aprel 2023, 17:32 | Baxış sayı: 154
“Təxribatlara görə radikal müxalifətin Azərbaycan dövlətinin rəhbərliyini günahlandırması qərəzli mövqedir…”

“Təxribatların günhakarı Ermənistan dövlətidir. Bu məsələdə Azərbaycan hakimiyyətini günahlandırmağın heç bir mənası yoxdur. Müharibə yarımçıq saxlanılmayıb, vaxtında qələbə ilə başa çatıb. Radikal müxalifətdə kimlərinsə Azərbaycan dövlətinin rəhbərliyini günahlandırması qərəzli mövqedir. Təbii ki, bu, həmişə olub, bu gün də var, gələcəkdə də olacaq. Hərə öz mövqeyini bildirir, fikrini səsləndirir. Ancaq əsaslı mövqe və fikri cənab Prezidentimiz, Ali Baş Komandanımız 44 günlük müharibədə bildirdi. Ermənistan məğlub edildi, ərazilərimiz işğaldan azad olundu. Qulp qoymaq, irad tutmaq asandır. İş görmək və işin nəticəsini ortaya qoymaq əsas məsələdir. Biz bunu etmişik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, ermənilərin planlaşdırılmış növbəti təxribatının da qarşısı alınıb: “Allah şəhidlərimizə rəhmət eləsin. Ermənilər kifayət qədər itki veriblər. Azərbaycan Ordusu qarşısında tab gətirməyərək postlarını qoyub qaçıblar. Bu təxribat məqsədlidir. Danışıqları pozmaq, ləngitmək, sülh sazişinin imzalanasına problemlər yaratmaq... Təbii ki, bu, təkcə Ermənistanın işi deyil. Öz maraqları naminə Ermənistanı alət kimi istifadə edən dövlətlər bunda maraqlıdırlar. Bu məsələdə xüsusilə İranın rolunu qeyd etmək lazımdır. Qərb dövlətlərinin, Fransa kimi dövlətin də rolu az deyil. Şimal qonşumuz da bunda maraqlıdır. Cənubi Qafqazda hərənin öz nüfuz dairəsini qoruyub-saxlaması, mövqeyini itirməməsi üçün Ermənistan alət kimi istifadə olunur, yeni gərginliklər yaradılır, belə təxribatlar törədilir. Ermənilər bu məsələlərdən düzgün nəticə çıxarmalıdırlar. Əks təqdirdə Ermənistan adlı dövlətin mövcudluğu sual altında qala bilər. Onlar Azərbaycan Ordusu qarşısında öz gücsüzlüklərini, acizliklərini bir daha dərk etdilər”.

Xəbərlər