Siyasət 2 Fevral 2023, 18:38 | Baxış sayı: 136
"Türkiyənin göndərdiyi yardımdan imtina edən İranın hərəkətləri öz xalqına xəyanətin bariz nümunəsidir"

“İran İslam Respublikası uzun illərdir ki, Azərbaycana və Türkiyəyə düşmən mövqeyi nümayiş etdirir. Bu, Türkiyə və Azərbaycana əbədi düşmən kəsilən və onlara qarşı torpaq iddiasında olan Ermənistana dostluq, qardaşlıq münasibətlərində özünü aydın göstərir. İran Azərbaycan-Ermənistan münaqişəsi başlayan ilk gündən Ermənistanın yanında olduğunu açıq-aşkar bildirib. İran birinci və ikinci Qarabağ müharibəsində, torpaqlarımız işğal altında olduğu 30 ildə olduğu kimi, bu gün Ermənistana maddi və mənəvi dəstək verməkdə davam edir, təcavüzkarları silahlandırır, faşistləri yanacaq və ərzaqla təmin edir, dövlətimizə təsir və düşməni yararlandırmaq məqsədi ilə sərhədlərimizdə hərbi təlimlər keçirir, ölkəmizə qarşı şər-böhtan kampaniyalarına rəvac verir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktına İranın rəhbərləri tərəfindən ciddi əks - səda verilməməsi özlərini bizə din qardaşları kimi təqdim edənlərin əslində dost deyil, əsl düşmən olduqlarını göstərdi: “Səfirliyimizə silahlı hücum beynəlxalq  hüquq normalarının ciddi pozulmasıdır və ən qatı, düşünülmüş, yalnız bir nəfərin deyil, bir neçə nəfərin iştirakı ilə təşkil olunmuş terror hadisəsidir. İran polisinin silahlı qatilə heç bir müqavimət göstərməməsi, onun rahat silahlı halda səfirliyə hücum etməsinə şərait yaratması, qatilin həbs edilmədən iranlı jurnalistlərə müsahibə verməsi, hadisənin ailə zəmnində törədilməsinin iddia edilməsi terrorun planlı şəkildə törədilməsini reallaşdırır. Bir vaxtlar Londonda da səfirliyimizə hücum təşkil edilmişdi və bu hadisədə də İranla əlaqəli şəxslərin iştirakının olduğu təsdiqlənmişdi. Bu iki fakt sözsüz ki, Azərbaycana qarşı düşmənçiliyin ifadəsidir və inkar edilə bilməz. Azərbaycanın İranla bağlı mövqeyi dəyişməyəcək. Biz haqsızlıqla, Cənub qonşumuzun düşmənçiliyi ilə barışmayacağıq və tələblərimizdə qətiyyətliyik. Rəsmi Tehran öz siyasi gedişlərinə düzəliş etməsə, gələcəkdə gərginlik dərinləşə, diplomatik əlaqələr tamamilə qırıla bilər”.

 

T.Rzayev vurğulayıb ki, bu gün İranın hakim dairələri çıxılmaz vəziyyətdədir: “İranda hökm sürən uzunmüddətli nümayişlər, insanların qətlə yetirilməsi, həbs edilməsi, digər tərəfdən baş verən zəlzələlər ölkədə xaos vəziyyəti yaradıb. Dünya ölkələrinin əksəriyyəti İranın yürütdüyü çirkin siyasətin əleyhinə olsa da, ölkənin rəhbərləri bəşərə zidd əməllərindən əl çəkmirlər. Xoyda əziyyət çəkən soydaşlarımıza Türkiyənin göndərdiyi yardımdan imtina edən İranın hərəkətləri düşmənçiliyinin, öz xalqına xəyanətin bariz nümunəsidir. Ancaq belə çirkin nümunələr, Azərbaycana və Türkiyəyə düşmən mövqedə durmaq İrana yaxşı heç nə vəd etmir, bu dövləti faciələrə və dağılmağa doğru aparır. İran bu barədə ciddi düşünməlidir”.

Xəbərlər