Siyasət 9 Fevral 2023, 11:42 | Baxış sayı: 135
“Türkiyə ilə həmrəy olduğumuzu nümayiş etdirmək üçün bizdə də 1 günlük matəm elan edilə bilər”

“Türkiyədə baş vermiş dəhşətli zəlzələ xalqımızı da çox kədərləndirdi. Hər gün ölənlərin və xəsarət alanların sayının artması ürək ağrıdır. Zəlzələ ilə bağlı Türkiyədə 7 günlük matəm elan olunub. Bu, Türkiyənin öz vətəndaşlarının belə bir faciə ilə qarşılaşması ilə bağlı atdığı addımıdır. Azərbaycanda da Türkiyə ilə həmrəy olduğumuzu nümayiş etdirmək üçün 1 günlük matəm elan edilə bilər. Amma rəsmi qaydada matəm elan olunmasa da, xalqımız Türkiyə xalqının dərdinə şərikdir, hər bir vətəndaşımız baş vermiş hadisənin acısını çəkir…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Azər Badamov Türkiyədəki faciə ilə əlaqədar Azərbaycanda bir günlük matəm elan olunması təklifinə münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, xalqımız səfərbər olub, yardımlar göndərmək üçün müəyyən olunmuş məntəqələrə axın edir: “Kimin nəyə imkanı çatırsa, Türkiyəyə göndərmək üçün çalışır. Təbii ki, Türkiyədə baş vermiş zəlzələ böyük faciədir. Azərbaycan zəlzələnin baş verdiyi ilk gündən heç Türkiyədən soruşmadan öz dəstək əlini uzatdı. Zəlzələnin nəticələri aradan qaldırılana qədər də dövlətimiz Türkiyənin yanında olacaq və bütün proseslərdə iştirak edəcək”.

Xəbərlər