"Türkiyə dünyada söz sahibidir, bu da Amerikanı qıcıqlandırır"
Xəbər verdiyimi kimi ABŞ-ın “Fox” telekanalı efirdə nümayiş etdirdiyi Yaxın Şərq xəritəsində Türkiyəni İstanbulsuz təsvir edib.
Türkiyənin “Sabah” qəzetinin məlumatında o da qeyd olunub ki, “Fox” kanalı bundan əvvəl də ölkədə keçirilən prezident seçkiləri, eləcə də Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı yalan məlumatlar yayıb.
Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamasında ABŞ mediasının Türkiyəyə qarşı qərəzinin altında yatan səbəblərdən danışıb. O deyib ki, Türkiyənin hər keçən gün daha da güclənməsi Qərb və ABŞ dairələrinin yuxusuna haram qatıb:
“Türkiyənin beynəlxalq güc mərkəzinə çevrilməsindən narahatdırlar. Qardaş ölkə Prezident Ərdoğanın rəhbərliyilə bu hədəfə uğurla çatmaqdadır. Türkiyə bu gün dünyada söz sahibidir, heç bir kənar qüvvənin diktəsi ilə hərəkət etmir, dövlətçilik maraqları, xalqın mənafeyi naminə siyasət yürüdür, bu da Amerikanı qıcıqlandırır. Hətta prezident seçkiləri ərəfəsində Bayden və bütün komandası, ABŞ mətbuatı, onların qeyri-hökumət təşkilatları Türkiyəyə, Ərdoğana qarşı çirkin kampaniya aparırdılar. Türkiyə xalqı müstəqil iradə ilə Ərdoğanı müdafiə etdi və yenidən onun prezident seçilməsini dəstəklədi”.
Deputat bir sıra tarixi məqamlara da toxunub:
“İstanbul şəhəri, Bosfor və Dardanel boğazları xristian dünyası üçün əsrlər boyu əlçatmaz xəyal olub. 1453-cü ildə Osmanlı Sultanı II Mehmet İstanbulu fəth edəndən üzü bəri Qərb, Rusiya, son vaxtlarda isə Amerika bu yerləri ələ keçirmək üçün dəridən-qabıqdan çıxır. Lakin qəhrəman türk xalqı bütün məkrli planları alt-üst edərək, İstanbulun əsl sahibi kimi duruş sərgiləməkdədir. ABŞ mediasının bu tip təxribatlarının heç bir mənası yoxdur, ürək bulandırmaqdan başqa bir şey deyil”.
demokrat.az