“Türkiyə-Azərbaycan dostluğunda İlham Əliyev və Ərdoğan faktoru mühüm rol oynayır”
"Türkiyədə prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, türk xalqı Ərdoğanla yenidən "yola davam" deyir. İkinci ən mühüm məqam ondan ibarətdir ki, Türkiyə dünyaya növbəti dəfə demokratiya dərsi keçdi və sübut etdi ki, həqiqətən Türkiyə iqtidarı bu seçkilərin demokratik keçməsi üçün xalqın öz iradəsini ifadə etməsiylə bağlı nə lazımdırsa, etmişdir. Bunun nəticələri bir daha göstərir ki, Türkiyə kənar müdaxilələrə baxmayaraq demokratiya yoluna sadiqdir və bundan sonrakı müddətdə də demokratik yolunu inkişaf etdirəcək".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
Deputat bildirib ki, Ərdoğanın növbəti dəfə prezident seçilməsi türk xalqının son 20 ildə Ərdoğanın Türkiyə və Türk dünyası üçün etdiklərini dəstəklədiyini göstərir:
"Ərdoğanın səsvermənin ilk nəticələrindən qalib çıxdığı təqdirdə prezident İlham Əliyev tərəfindən zəng edilməsi, Mehriban xanım Əliyeva tərəfindən tvitter paylaşaraq həm Ərdoğanı, həm Əminə xanımı təbrik etməsi onu göstərir ki, bu iki liderin arasında olan dostluq, qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir.
Biz seçkinin ilk vaxtlarından da Azərbaycan dövlətinin, xalqının Türkiyədə gedən seçkilərə müdaxilə etmədən, amma Ərdoğan siyasətini dəstəkləməsiylə bağlı tezisləri və məsələləri görmüşdük. Seçki bitdikdən sonra cənab Prezident tərəfindən R.T Ərdoğanın təbrik edilməsi bir daha göstərir ki, bu dostluq, qardaşlıq münasibətləri bundan sonra da davam etdiriləcək.
Ərdoğanın İstanbulda öz evinin qarşısında Türkiyə seçicilərilə görüş zamanı da məhz "mənə ilk zəng edən Azərbaycan Respublikasının Prezidenti, mənim dostum, qardaşım İlham Əliyevdir" ifadəsi isə göstərir ki, Türkiyə-Azərbaycan dostluğunda məhz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan faktoru mühüm rol oynayır.
Hesab edirəm ki, bundan sonra ki, dönəmlərdə də iki qardaş respublikanın müttəfiqlik səviyyəsinə qalxmış əlaqələri inkişaf etdirəcək və bu münasibətlər təbii ki, bundan sonra nəinki Türkiyənin və Azərbaycanın, bütövlükdə Türk Dövlətləri Birliyinin inkişafı ilə bağlı önəmli rol oynayacaq".