“Türk milləti Türkiyəni geriyə aparmaq istəyən xarici qüvvələri yerində oturtdu”
Milli Məclisin iclasında çıxış edən deputat Musa Qasımlı əvvəlcə Prezident İlham Əliyevin Laçın səfərindən bəhs edib. Bildirib ki, ölkə prezidentin mayın 28-də Müstəqillik günü bayramında Laçın şəhərində bir sıra infrastuktur layihələrin əsasını qoyması, evlərin açarlarını təqdim etməsi və sakinlərlə görüşdə çıxışı tarixi əhəmiyyət daşıyır: “Laçınlı bacı və qardaşlarımızın dədə-baba yurdlarına qayıtması dövlətimizin qarşıya qoyduğu hədəflərə planlı şəkildə çatdığını və aydın strategiyanın olduğunu göstərir. İndiyədək dediyi bütün sözləri yerinə yetirən dövlət başçımızın çıxışı Ermənistana, dünya erməniliyinə və onların havadarlarına qəti xəbərdarlıqdır. Bu il ölkə rəhbərimizin millətimizə yeni müjdələr verəcəyinə əminəm”.
M.Qasımlı daha sonra bildirdi ki, dünyanın 20 ölkəsindən biri olan qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda türk milləti təkcə dövlət başçısını seçmədi, eyni zamanda dünyaya demokratiya dərsi keçdi, türk dövlətləri ilə əməkdaşlığın və dövlətləri olmayan türk topluluqları ilə əlaqələrin, yürüdülən müstəqil xarici siyasətin davam etdirilməsinə səs verərək, Türkiyəni geriyə aparmaq istəyən xarici qüvvələri yerində oturtdu: “Qalibi bütün türk milləti, türk dünyası və Türkiyənin dostları olan seçkinin nəticələri göstərdi ki, türk dünyasının, onun aparıcı dövlətlərindən biri olan Azərbaycanın maraqlarını arxa plana keçirən kimsə, heç bir siyasi partiya Türkiyədə hakimiyyətə gələ bilməz, gəlsə də, idarə edib, qala bilməz. Qardaş türk millətinə və dövlətinə uğurlar arzulayıram. İnanıram ki, ölkələrimiz arasında əməkdaşlığın təməlləri daha da möhkəmləndiriləcək”.
Mənbə : musavat