Siyasət 29 Avqust 2022, 15:20 | Baxış sayı: 182
"Təəssüf ki, bəzən Azərbaycanın daxili işlərinə müdaxilə edildiyini eşidirik".

“Hansısa bir dövlət digərinin daxili işinə qarışmamalıdır. Bu baxımdan da istər İran olsun, istərsə də başqa birisi Azərbaycanın daxili işlərinə, xarici siyasətinə, daxildə gedən proseslərə müdaxilə etməməlidir. Ancaq təəssüf ki, bəzən belə halların baş verdiyini eşidirik. Bunu həm Zəngəzur dəhlizinin açılması məsələsində, həm də 44 günlük Vətən Müharibəsində İran parlamentində ayrı-ayrı deputatların niyə ermənilərə dəstək vermədikləri ilə bağlı bəyanatlarında eşitmişik. Təbii ki, belə şeylər orada yaşayan azərbaycanlıların da narahatlığına səbəb olur...”

 

Deputat Siyavuş Novruzov Pravda.az-a bununla bağlı açıqlama verib.

 

Deputata bildirib ki, Azərbaycan dövləti indiyədək İranın heç bir işinə qarışmayıb: “Cənab Prezident İlham Əliyev əvvəllər də qeyd etmişdi ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı bir müdaxilə edilməsinə yol verilməyəcək. Sonra belə bir məsələ də ortaya atılmışdı ki, Azərbaycanın daxilində NATO-nun, ABŞ-ın bazaları yerləşdirilməlidir. Bu zaman Cənab Prezident bildirdi ki, Azərbaycanın ərazisində heç bir baza ola bilməz. Biz İrana qarşı yaxın qonşuluq prinsipi ilə dövlətlərarası münasibətlər həyata keçiririk. Qalan məsələlər isə artıq hüquqi və daxildə olan məsələlərdir. Orada yaşayan vətəndaşlar İran dövlətinin vətəndaşlarıdır. Əlbəttə ki, bugünkü müstəqil Azərbaycan hər bir azərbaycanlının vətənidir. Biz 50 milyondan artıq azərbaycanlının vətəni hesab olunuruq. Eyni zamanda, İran da orada yaşayan azərbaycanlıların vətəni, dədə-baba torpağıdır. Ancaq yenə də qeyd edirəm ki, biz başqa dövlərin daxili işlərinə qarışmırıq”.

Xəbərlər