İqtisadiyyat 1 Fevral 2023, 13:10 | Baxış sayı: 187
“Tələbələrə güzəşt paketləri tətbiq edilsin”

“İctimai nəqliyyatda qiymətlərin artması vətəndaşlarda müəyyən sosial narazılıq yaradıb. Qiymətlərin qalxması vətəndaşlarımız üçün bir yükdür. Digər tərəfdən isə hökumət sərnişindaşıma ilə məşğul olan şirkətlərə tövsiyə edir ki, avtobus parkını yeniləsinlər, avtobusları təmiz saxlasınlar, yararsız hala düşməsin, ehtiyat hissələri alıb avtobusları yeniləsinlər, keyfiyyəti yaxşılaşdırsınlar. Şirkətlər isə əsas gətirirlər ki, indiki qiymətlərlə bunu etmək mümkün deyil…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, sərnişindaşıma şirkətlərinin də qazancı çox aşağıdır: “Çünki qiymətlər qalxdıqca onların xərcləri də artır. Enerji daşıyıcılarının, neftin, qazın qiyməti artıb. Ona görə də balansı saxlamaq lazımdır. Gərək, sərnişindaşıma şirkətləri gedişhaqlarının qalxmasından keyfiyyətin artırılması üçün istifadə etsinlər. Sərnişinlər 20-30 dəqiqə, hətta saatlarla dayanacaqlarda gözləməsinlər. İnsanlar üst-üstə getməsin, keyfiyyətli xidmət göstərilsin”.

 

R.Nurullayev gedişhaqqının artması ilə bağlı təklifini də səsləndirib: “Tövsiyə edirəm ki, hökumət bu artımdan əziyyət çəkə biləcək tələbələr, əhalinin həssas qrupları üçün güzəşt paketləri tətbiq etsin. Güzəşt paketlərinin subsidiyası da Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsindən ödənilə bilər. Yaxud başqa bir sahədən vəsaitlər sərnişindaşıma şirkətlərinə şəffaf şəkildə ödənilə bilər. Digər bir problem isə budur ki, bəzən subsidiyalar ayrılır, amma onların şəffaf şəkildə sərnişindaşıma şirkətlərinə çatmasında problem yaranır. Ümumiyyətlə, boynumuza almalıyıq ki, 30 ilə yaxındır - müstəqillik qazanandan bəri ictimai nəqliyyatda keyfiyyətin artırılması üçün çalışılır. Bu sahədə nə qədər insanlar gəlib-getdi. Keyfiyyət artımı olsun, biz də Avropadakı kimi mədəni, sivil bir xidmət göstərə bilək, insanlar saatlarını avtobusların gəlmə saatına uyğunlaşdırsınlar ki, ictimai nəqliyyat doğru saatla işləyir, saatımı ona görə tənzimləyim... Bunları 30 ildir ki, arzulayırıq, amma nail ola bilməmişik. Çünki bu günə qədər ictimai nəqliyyatda, doğrudan da, şəffaflıq məsələlərində çox ciddi problemlər olub və bu problemlər hələ də qalmaqdadır”.

Xəbərlər