“Tələb edirik ki, terror aktını törədənlər ifşa olunub, məhkəmə qarşısında qanunla cavab versinlər”
“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının hökmən nəticəsi olacaq. Azərbaycanın diplomatiyası, Xarici İşlər Nazirliyi, iqtidarı, millət vəkilləri tələb edir ki, terror aktını törədən təşkilatlar ifşa olunub, məhkəmə qarşısında qanunla cavab versinlər. Bu, bizim haqlı tələbimizdir, hüququmuzdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
“Tarix boyu Azərbaycan imkan verməyib ki, hansısa səfirlikdə, konsulluqda İrandakı səfirliyimizdə törədilən terror aktına bənzər, hansısa beynəlxalq qanunu pozan addım atılsın. Biz buna imkan verməmişiksə, qarşısını almışıqsa, niyə başqa qonşu, uzaq, yaxın ölkələrdə səfirliklərimizin qarşısında terror aktlarına icazə verilir, imkan yaradılır? Yaxud günahsız insanlar həlak olur? Bunun cavabı verilməlidir. Bir millət vəkili kimi mən də bu sualı qaldırıram - buna kim cavab verəcək? Kim məsuliyyət daşıyır?”, - deputat bildirib.