Plenar iclaslar 30 May 2023, 12:44 | Baxış sayı: 84
“Təklif edirəm ki, şəhid ata və anaları üçün fərqləndirici döş nişanı təsis edilsin”

“Təklif edirəm ki, şəhid ata və anaları üçün fərqləndirici döş nişanı təsis edilsin”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, şəhid ata-anlarından, ağsaqqal və ağbirçəklərdən aldığı təkliflərdən sonra bu məsələni səsləndirmək qərarına gəlib: “Bildiyiniz kimi, şəhid analarını boyunlarından asdıqları şəhid övladlarının rəsmi ilə tanımaq olur, şəhid atalarını isə tanımaq olmur. Müxtəlif məclislərdə oluruq və irad bildirilir ki, siz niyə gedib şəhid atası ilə görüşmədiniz. Ölkəmizdə minlərlə şəhid ata və anası var və təbii ki, hamısını yadımızda saxlaya bilmirik. Bəzən növbələr olur, şəhid ata və anasına yer verilmir və tələb olunur ki, vəsiqəni göstər. Bunlar xətrə dəyən məsələlərdir. Əgər şəhid ata və anasının yaxasında fərqləndirici nişan olsa, çox gözəl olar. Hər kəs onları tanıyıb hörmətlə yanaşar, təbii ki, bu da onlara mənəvi olaraq yaxşı təsir edər. Yas və toy məclislərində onlara xüsusi hörmət və başda da yer göstərilər. Bu nəinki şəhid ata və analarına, həm də ümumi olaraq bütün vətəndaşlarımıza dövlət adına xoş təsir bağışlayar”.

Deputat həmçinin təklif edib ki, müharibə iştirakçıları, veteranlar üçün də fərqləndirici üst geyim təsis edilsin: “Bunu hətta Müdafiə Nazirliyi də təsis edə bilər, deyə düşünürəm. O paltarlar hərbi dükanlarda qoyula bilər ki, lazım olduqda bizim şanlı müharibə iştirakçılarımız və veteranlarımız onu əldə edə bilsinlər. Türkiyədə bu təcrübə var. Müharibə veteranları, iştirakçıları üçün üst geyim və hərbi papaq şəklində baş örtüyü var. Üzərində isə “qazi” yazılıb.

Bu təklifi niyə verirəm? Cəmiyyətdə belə bir müzakirə var ki, müharibə iştirakçıları tərxis olunandan sonra hərbi paltarı daşımamalıdır. Bildiyiniz kimi, onların xeyli hissəsi, hətta Birinci Qarabağ müharibəsindən bəri o paltarı əynindən çıxarmayıb. Bu onların özləri üçün də ağırlıq yaradır və sərbəst yaşamalarına mane olur.

Təklif edirəm ki, bu məsələləri aidiyyatı dövlət orqanları ilə müzakirə edək və əminəm ki, məsələyə müsbət yanaşılacaq”.

Xəbərlər