Cəmiyyət 22 May 2023, 15:33 | Baxış sayı: 164
“Təhsillə bağlı xeyli narazılıq var”

“Bu gün hər bir ölkənin inkişafı bilavasitə onun təhsili ilə əlaqədardır. İnkişaf etmiş hər bir güclü dövlətin arxasında onun təhsilə verdiyi önəm, təhsildə göstərdiyi diqqət və qayğı durur. Bu gün cənab İlham Əliyev və Mehriban xanım Əliyeva səviyyəsində təhsilə çox yüksək diqqət və qayğı var. Yeni məktəblərin açılması, təhsil sahəsində vəsaitlərin artırılması dövlətimizin bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşdığını göstərir. Bu gün dövlət özü təhsilin inkişafında maraqlıdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

Elm və təhsil nazirinin fəaliyyətinə də toxunan deputat bildirib:

“Elm və təhsil naziri Emin Əmrullayevin fəaliyyətinə gəldikdə, hesab edirəm ki, bu qurumun qarşısında çox mühüm vəzifələr durur. Görünən odur ki, qurum onun qarşısına qoyulan  müəyyən vəzifələri yerinə yetirməyə çalışır. Amma hesab edirəm ki, bu gün Elm və Təhsil Nazirliyinin fəaliyyətində müəyyən problemlər müşahidə olunmaqdadır. 

Elm və Təhsil Nazirliyində təhsil sahəsini daha yaxşı bilən, təcrübəsi olan insanların çalışmasına böyük ehtiyac var. Biz hər gün mətbuatda nazirliyin fəaliyyəti ilə bağlı hansısa tənqid və iradların bilavasitə səsləndirildiyinin şahidiyik. Bu gün təhsil sahəsində xeyli həllini gözləyən məsələlər var. Təəssüf ki, bu məsələlərin həlli istiqamətində ciddi addımlar atılmır. Bu gün nazirlik tez-tez müxtəlif mətbuat konfransı keçirir, müxtəlif müzakirələr aparır. 

Xüsusilə də hesab edirəm ki, son brifinqdə nazirlə jurnalist arasında baş verən polemikada heç də xoşagələn bir hal deyildi. Yəni jurnalist real vəziyyəti, real situasiyanı nazirliyin diqqətinə çatdırmağa çalışdı. Amma bunu biz fərqli formalarda təqdim edildiyin şahidi olduq. 

Mətbuatda dərslərin sentyabrın 1-i başlaması məsələsi gündəmə gətirildi. Sonra isə elm və təhsil naziri ümumiyyətlə brifinqdə belə məsələlərin müzakirə edilmədiyi barədə məlumat yayıb. Ona görə mən hesab edirəm ki, təhsillə bağlı məsələlər, təhsillə bağlı yanaşmalar çox dəqiq və konkret olmalıdır. Səsləndirilən hər bir fikir də insanlar tərəfindən dəqiq ölçülərək bizim insanlara qeyd olunmalıdır. Ona görə bu cür addımlar nazirliyin və nazirin nüfüzuna da müəyyən xələl gətirir. Hər bir verilən bəyanat, açıqlama çox dəqiq, konkret olmalıdır ki, əlavə polemikalara  ehtiyac olmasın. Yəni sonuncu brifinqdən sonra əslində gözlənilən o idi ki, bu brifinqdə bir sıra vacib məsələlərə aydınlıq gətiriləcək, insanlar istədiyi məlumatı əldə edəcəklər. Amma təəssüf ki, brifinqdən sonra da aparılan müzakirələr, açılan söhbətlər onu göstərdi ki, təhsillə bağlı mətbuatda da, mediada da xeyli narazılıq var. 

Düşünürəm ki, hər bir məsələ çox ciddi şəkildə həssaslıqla ölçülərək açıqlanmalıdır”.

Xəbərlər