"Tezliklə minaların xəritələri tam və dəqiq şəkildə Azərbaycana təhvil verilməlidir”.
“Üçtərəfli bəyanatın imzalanmasından iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini vermir. Bu günə kimi təqdim olunan mina xəritələrinin də demək olar ki, doğruluğu şübhə altındadır. Buna görə də iki il müddətində yüzdən artıq Azərbaycan vətəndaşı minaya düşüb. Nəticədə 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub, 117 hərbi qulluqçu və 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu cinayət mütləq dayandırılmalı, tezliklə minaların xəritələri tam və dəqiq şəkildə Azərbaycana təhvil verilməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, xəritələrin verilməməsi ilə bərabər, hazırda Ermənistan ölkənin sərhədlərində minalama işləri aparır:
“Bu da onların terrorçu və cinayətkar xislətindən xəbər verir. Dünyada bununla bağlı konvensiyalar qəbul olunub və müəyyən təşkilatlar yaranıb. Onlar Ermənistanı bu mövqeyindən çəkindirməlidir. Hazırda Ermənistan regionda təhlükə olaraq qalır. Müharibə bitən gündən biz sülhlə bağlı təşəbbüslə çıxış edir və sülhə çağırışlar edirik. Lakin Ermənistan bütün təşəbbüsləri sabotaj edir və təhlükəsizliyi təhdid edən ölkəyə çevrilir. Ermənistanda özünü demokratlar adlandıran qüvvələr hakimiyyətdə olsa da, faktiki cinayət törətməklə məşğul olan erməni hakimiyyəti insan haqlarını tapdalamaqla məşğuldur”.
M.Cəfərov qeyd edib ki, beynəlxalq qurumlar Ermənistanın bu siyasətinə layiqli cavab verməli və onu dayandırmalıdır:
“Görünən budur ki, düşmən Azərbaycana qarşı gizli müharibəni davam etdirir. Ermənistanın mina məsələsi ilə bağlı addımları onu göstərir ki, düşmənçilik niyyətindən əl çəkməyib. Əsas məqsədləri daha çox mülki şəxsin ölümünə nail olmaq, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına maneə yaratmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Bunun bariz nümunəsi də Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri minalamasıdır. Təkcə bu fakt özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Lakin Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilərini minalardan təmizləyir, işğaldan azad edilmiş torpaqları təhlükəsiz, yararlı hala salır və həmin torpaqlara həyat gətirir”.