Siyasət 20 Sentyabr 2023, 15:27 | Baxış sayı: 149
"Təcavüzkarlar məhvə məhkumdur"

Ermənistan təcavüzkarları tərəfindən uzun illər davam edən və bu gündə səngiməyən təcavüzkarlıq əməlləri, təxribatlar nəticəsində minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, şikəst edilmişdir. Xalqımız bu bəlalara dözməklə yanaşı, torpaqları faşistlərdən xilas etmək üçün daim mübarizə aparmış, nəhayət dövlətimizin rəhbəri, Ali Baş Komandan İlham Əliyevin böyük uzaqgörənliyi, düşünülmüş siyasəti, ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində düşmən susdurulmuş, torpaqlarımız azad edilmişdir.

Ermənistan yalvara - yalvara təslimçilik aktına qol çəkmişdir.  Gizləmək olardı ki, məğlub Ermənistan verilmiş dərslərdən, ağır məğlubiyyətdən lazımi nəticə çıxaracaq, sülhə gələcək, Azərbaycanla münasibətlərini yaxşılaşdıracaqdır. Ancaq biz bunun əksini gördük.        

Ermənistanın hakimiyyət dairələri, başda Nikol Paşinyan olmaqla bir balaca özlərinə gələn kimi xarici havadarlarına, xüsusilə Fransaya arxalanaraq yenidən silahlanmaya başladılar, verdikləri vədi, imzaladıqları sənədləri unutdular. Onlar yeni iddialar irəli sürməyə, mümkün olmayan tələblər qarşıya qoymağa başladılar. Müharibədən sonra erməni təcavüzkarları daha geniş miqyaslı təxribatlara əl atdılar. Onlar imkan tapdıqları ərazilərimizi tamamilə minaladılar, sərhəddə təxribat törətdilər və yüzlərlə insanın ölümünə səbəb oldular. Bütün bunlar Qarabağ, Şərqi Zəngəzur torpaqlarında törədildi. Ərazilərimizdə olan erməni separatçıları daha da fəallaşdılar səngərlər qazmağa, sədlər qurmağa, yolları kəsməyə cəhd göstərdilər. Onlar rus sülhməramlılarının köməyi ilə Qarabağa silah - sursat daşımağa, canlı qüvvə gətirməyə başladılar. Qarabağda qondarma prezident seçkiləri keçirdilər, müdafiə, səfərbərlik komitələri yaratdılar və Azərbaycana meydan oxudular. 

Bu günlərdə 11 nəfərin minaya düşməsi, 7 nəfər polis işçisinin, avtomobil yolları dövlət agentliyinin 2 əməkdaşının həlak olması, ərazilərimizin müntəzəm olaraq atəşə tutulması, insanlara və mülki obyektlərə ziyan vurulması göstərir ki, Ermənistan təcavüzkarlıq əməllərindən əl çəkmək istəmir. Faktlar sübut edir ki, bu minalar əraziyə sonradan basdırılmışdır və ərazilərin minalanması hər vasitə ilə davam etdirilir.                                           

 Erməni separatçılarının bu əməlləri xalqımız, cənab İlham Əliyev tərəfindən dəfələrlə xatırlandırılıb, tənqid edilsə də ancaq quldurlar bundan heç bir nəticə çıxarmamışlar. Əksinə onlar daha da quduzlaşdılar.                                       

 Belə olan halda Azərbaycan separatçıları zərərsizləşdirməyə məcburdur. Anti - terror əməliyyatı həyata keçirmək, milli təhlükəsizliyimizi təmin etmək Azərbaycanın haqqıdır və beynəlxalq normalara əsaslanır. Bu gün ordumuz tərəfindən lokal anti - terror əməliyyatının keçirilməsi zəruridir, qaçılmazdır və heç bir qüvvə bu haqqın əksinə gedə bilməz. Qarabağ iqtisadi rayonunda yerləşən erməni silahlı birləşmələri, quldurları məhvə məhkumdur və onlar susdurulmalıdır. Üçtərəfli bəyanatın müddəaları mütləq həyata keçirilməli, erməni silahlı qüvvələri Qarabağı tərk etməlidir. Azərbaycan xalqın təhlükəsizliyini təmin etmək üçün ən ciddi tədbirləri həyata keçirməyə məcburdur. 

demokrat.az

Xəbərlər