“Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi onun bərpasını sürətləndirəcək”
Şuşa şəhəri 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı seçilib.
Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa yekdilliklə 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.
Bunu əhəmiyyətli hadisə kimi dəyərləndirən Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Sabir Rüstəmxanlı açıqlamasında deyib ki, 30 ilə yaxın müddətdə tarixi Azərbaycan torpaqları, eləcə də Qarabağın tacı Şuşa şəhəri erməni işğalı altında qaldı. Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin işğalına, suverenliyinin tapdalanmasına, mülki əhalinin doğma yurdlarından didərgin düşməsinə isə beynəlxalq qurumlar göz yumdu, BMT-nin 4 qətnaməsi illərlə kağız üzərində qaldı:
“Azərbaycan dövləti 44 günlük müharibədə öz hərbi gücü ilə torpaqlarını işğalçılardan təmizlədi, ərazi bütövlüyünü təmin etdi. Şuşa, nəhayət, azadlığına qovuşdu. Qlobal güclərin çirkin oyunlarına cavab olaraq türk – islam dünyasında Şuşa həm Türk dünyasının mədəniyyət paytaxtı, həm də İslam dünyasının mədəniyyət paytaxtı seçildi”.
Deputat qeyd edib ki, bu gün dünyanın dörd bir yanından gələn qonaqlar, rəsmi şəxslər, diplomatik nümayəndələr Şuşanı ziyarət edir, şəhər beynəlxalq tədbirlərə ev sahibliyi edir:
Onlar Qarabağda erməni vandalizminin şahidi olur, həmçinin Şuşanın mədəniyyəti və tarixi, əsrarəngiz ab-havası ilə yaxından tanış olurlar. Şuşa şəhəri elə də böyük deyil, lakin tarix boyu dahi şəxsiyyətlər yetişdirib. Hər kəs bilməlidir ki, Üzeyir bəy harada yetişib, Nəcəf bəy Vəzirov, Əhməd bəy Ağaoğlu harada yetişib, Seyid Şuşinski, Xan Şuşinski harada yetişib. Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması bu ölkələrin Azərbaycana qarşı törədilmiş vəhşilikləri qınadığını, Şuşanın İslam mədəniyyəti üçün əhəmiyyətli şəhər olduğunu göstərir. Bu, eyni zamanda, Şuşanın bərpasını, əvvəlki görkəminə qayıtmasını sürətləndirəcək”.
demokrat.az