Cəmiyyət 10 Sentyabr 2021, 13:03 | Baxış sayı: 351
Sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı oraya yığışıb.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov: “Beynəlxalq səviyyəli dövlətlarası münaqişədə sülhməramlılıq missiyasını həyata keçirəcək quruma mandat BMT tərəfindən verilir. Bizdə isə elə olmadı, yəni heç bir beynəlxalq qurum rus sülhməramlılarına mandat verməyib. Sadəcə olaraq üç dövlət arasında olan qarşılıqlı razılaşma əsasında, vasitəçiliyi Rusiya öhdəsinə götürdü. Ancaq təəssüflə qeyd etməliyəm ki, rus hərbi kontingenti sülhməramlı adı ilə ərazimizə daxil olduğu gündən bu günədək sadəcə erməniməramlılıq missiyası həyata keçirir, getdikcə də bu məsələni gücləndirir.

Təbii ki, bu da Azərbaycan tərəfindən böyük narazılıqla qarşılanır. Mən istəmirəm ki, dediklərim Azərbaycan-Rusiya münasibətinə bir kölgə salsın, soyuqluq gətirsin. Lakin həqiqət ondan ibarətdir ki, Rusiyanın bizim ərazimizdə olan hərbi kontingenti həmin ərazilərdə 1991-ci ilin sentyabrından yaradılmış separatçı rejimə himayədarlıq edir, onunla əməkdaşlıq edir, bu azmış kimi, Ermənistan dövlətinə aid müəyyən hərbi birləşmələrin tör-töküntülərinin Azərbaycan ərazisində qalmasına şərait yaradır.

Əgər belə deyilsə, siz vasitəçi dövlət kimi 10 noyabr bəyanatındakı bəndlərə əsasən, ötən 10 ay ərzində zəhmət çəkib cinayətkar qurumu, onlara və Ermənistan dövlətinə aid silahlı tör-tökütüləri ərazimizdən çıxarmalıydınız, bu sizin öhdənizə düşürdü. Amma bunu etmirsiniz, əksinə, dediyim qüvvələrin yeganə təminat-təchizat yolu olan Laçın dəhlizindən onlara silah-sursat, ərzaq, yanacaq daşınmasına şərait yaradırsınız.

Deyirdilər ki, sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı, Rusiyanın başqa nazirliklərinin - Rusiya Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin 7-8 min əməkdaşı gəlib oraya yığışıb. Axı bu, razılaşmada əks olunmamışdı, siz nə etmək fikrindəsiniz? Bu suala cavab vermək lazımdır”.

Xəbərlər