"Sülhməramlıların bu prosesə seyrçi qalması, bir sıra halda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur".
“Prezident İlham Əliyev Ağdama səfər etdi və çıxışında bildirdi ki, ermənilərlə ola bilsin ki, nə vaxtsa sülh müqaviləsi imzalanacaq. Amma biz erməni vandallığını unutmamalıyıq”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Məmmədov deyib.
Deputat bildirib ki, Prezidentin bu çıxışı bizim üçün yol xəritəsi olmalıdır: “Biz Ermənistanla sülh müqaviləsi imzalasaq da, onların vandallığını, vəhşiliyini, xüsusilə xaricdəki fəaliyyətimizdə unutmamalıyıq”.
Deputat Ceyhun Məmmədov isə qeyd edib ki, Prezident İlham Əliyev Ağdama səfər zamanı Ermənistana ciddi xəbərdarlıq etdi: “Son günlər sülhməramlıların nəzarətindəki ərazilərdə separatçıların təxribatlarının davamlı xarakter aldığı müşahidə olunur. Tərtərin ərazisinin atəşə tutulması, Xocalıda aktiv tikintinin aparılması, tranşeylərin qazılması, “Bakcell”-in əməkdaşının güllələnməsi, separatçıların davamlı təxribatçı bəyanatlar səsləndirilməsi, “Arsaxın işğalı haqqında” qanun layihəsinin hazırlanması barədə fikirlər və digər təxribat əməlləri bu fikri bir daha təsdiq edir. Sülhməramlıların bu prosesə seyrçi qalması, bir sıra halda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur. Sülhməramlıların əsas missiyası bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgəyaşayışı təmin etməkdir. Təəssüf ki, sülhməramlılar bu məsələlərlə bağlı heç bir ciddi addımlar atmırlar. Əksinə, başları burada humanitar aksiyalara qarışıb. Ermənilər də bundan istifadə edərək, öz xəbis və məkrli niyyətlərini həyata keçirir, yeni təxribatlar törətməyə davam edirlər”.
Deputat vurğulayıb ki, bu təxribatlara mütləq son qoyulmalıdır: “Əgər belə təxribatlar davam etsə, bunun cavabı çox sərt və ağır olacaq. Azərbaycan bölgəyə davamlı sülhün gəlməsinə çalışır, bütün addımlar buna hesablanıb. Ermənistan konkret mövqe bildirməlidir. Sülh istəyirsə, Azərbaycan sülhə hazırdır. Yox, məqsəd müharibədirsə və Azərbaycanın səbrini sınağa çəkməkdirsə, bunun aqibəti ermənilər üçün yaxşı olmayacaq. Bu millətin həm də, deyəsən, unutqanlıq xəstəliyi var. Başlarına gələnləri çox tez unudurlar. Ermənilər Vətən müharibəsində başlarına gələnlərdən çox ciddi nəticələr çıxarmalıdırlar. Çıxarmasalar, “dəmir yumruq” yenidən işə düşəcək və bu dəfə zərbə daha ağır olacaq. Azərbaycan 44 günlük müharibədə bunu bütün dünyaya göstərdi”.